“Çox yaxın vaxtda qərarlar qəbul ediləcək” Hadisə

“Çox yaxın vaxtda qərarlar qəbul ediləcək”

QHT Şurasının komissiya sədri: "QHT müxalifət partiyası kimi fəaliyyət göstərməməlidir"
"Eyni donorun yalnız bir neçə təşkilata vəsait ayırması narahatlıq yaradır"

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev "Media forum" saytına QHT sektorunun fəaliyyətinə dair hazırlanan yeni təkliflərdən, QHT-lərlə bank sektoru arasında yaşanan problemlərdən danışıb.
Xatırladaq ki, iyulun 24-də prezident İlham Əliyev qrant müqavilələrinə dair fərman imzalayıb. Fərman qrant müqavilələrinin qeydiyyata alınması qaydalarının bu il noyabrın 1-dən ləğvini nəzərdə tutur. O vaxtacan Nazirlər Kabineti qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması üçün yeni qaydaları müəyyən edib prezidentə məlumat verməlidir.
Qrantların qeydiyyata alınması haqda yeni qaydalar hazırlanır
"Media forum"a açıqlamasında Əliməmməd Nuriyev deyib ki, prezidentə təqdim ediləcək təkliflər planı üzərində iş gedir. Onun sözlərinə görə, Avropa Şurasının Venesiya Komissiyasının rəyinə uyğun olaraq QHT-lər haqqında qanunvericiliyə dəyişiklər edilməsi üçün də bəzi təkliflər hazırlanır: "Bu təkliflər yalnız QHT-lərin daha əlverişli fəaliyyət göstərməsi üçün imkanları, hüquqi mühiti genişləndirməyi nəzərdə tutur. Təkliflər ətrafında müzakirələr gedir və buna görə də onları indidən açıqlamaq düzgün olmazdı.
Qrantların qeydiyyata alınması haqda da yeni qaydalar hazırlanır. QHT-lərə Dövlət Dəstəyi Şurası yanında yaradılan hüquq və monitorinq komissiyasının qrant qeydiyyatının sadələşdirilməsi ilə bağlı təklifləri müvafiq qurumlara göndərilib. Hüquq və monitorinq komissiyasının hazırladığı layihələrdə cərimə sanksiyalarının azaldılması ilə bağlı təkliflər var. Bu təkliflər bir neçə dəfə QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında müzakirə edilib. QHT-lərə Dövlət Dəstəyi Şurası həmin görüşlərdə səslənən təklifləri, ayrı-ayrı QHT-lərdə narazılıq yaradan məsələləri ümumiləşdirərək müvafiq qurumlara təqdim edib".
Məlum olduğu kimi, son aylar QHT-lərin Ədliyyə Nazirliyinə təqdim etdiyi qrant müqavilələrinin qeydiyyatı düyünə düşüb. Müqavilənin qeydiyyata alınması haqqında bildirişin verilməməsi bank əməliyyatlarının aparılmasını mümkünsüz edir. Hazırda bəzi QHT-lərin fəaliyyəti bu səbəbdən iflic olub. Əliməmməd Nuriyev açıqlamasında bu məsələlərdən də danışıb. O deyib ki, banklarda QHT-lərə qarşı diskriminasiyaya yol verilir: "Bizə "Unibank"dan göndərilən məktubda bildirilir ki, QHT-lərə bank xidmətləri göstərmək üçün aylıq 1000 manat haqq müəyyənləşdirilib. Bu, indikindən min dəfə böyük rəqəmdir, eyni zamanda bankın göstərdiyi xidmətin nə məzmununa, nə də mahiyyətinə uyğundur. Bu, ədalətsiz yanaşmadır, proporsionallığın pozulmasıdır. Başqa hüquqi və fiziki şəxslərə necə xidmət göstərilirsə QHT-lərə də o qaydada xidmət göstərilməsi barədə qərar veriləcək, bəzi özəl banklar açıq-aşkar ayrı-seçkilik etdiyinə görə hökumət, Mərkəzi Bank bu məsələyə öz münasibətini bildirəcək. Prezidentin QHT-lərə dəstək konsepsiyasında qeyd olunur ki, vətəndaş cəmiyyətinin nümayəndələri üçün daha əlverişli imkan yaradılmalıdır, özəl bankların atdığı addımlar isə bu prinsiplə uzlaşmır".
Əliməmməd Nuriyev bildirib ki, şəffaflıqla hesabatlılığın artırılması da vacib məsələlərdəndir və bu, QHT-lərə olan etimadın bərpasına gətirib çıxara bilər: "Cəmiyyətdə bəzən QHT-nin mahiyyətini, məzmununu, fəlsəfəsini bilmədən onların nüfuzuna xələl gətirəcək əsassız fikirlər səsləndirilir, yazılar yazılır. Bəzən media nümayəndələri QHT-ləri onlara aid olmayan hərəkətlərə təhrik edir. Hətta açıq-aşkar şantaj xarakterli çıxışların, QHT-lərin siyasi partiyaların fəaliyyəti ilə üst-üstə düşən fəaliyyətə cəlb edilməsinin şahidi oluruq. Halbuki QHT-lərin fəaliyyəti məhz ictimai nəzarətin həyata keçirilməsinə, problemlərin aşkar edilməsi və bu istiqamətdə təkliflər verilməsinə yönəlib. Ancaq bəzi QHT-ləri elə istiqamətləndirməyə çalışırlar ki, onlarla siyasi partiyalar arasında fərq itir. QHT müxalifət partiyası kimi fəaliyyət göstərməməlidir. Bundan çəkinmək lazımdır. Əks halda QHT ilə siyasi partiyanı fərqləndirmək mümkün olmayacaq. Vətəndaş cəmiyyətinin nümayəndələri etik davranış kodeksi hazırlayıb orada belə məqamları əks etdirmək haqda da düşünürlər.
QHT təmsilçiləri üçün ən vacib məsələ onların peşəkarlığıdır. Bu peşəkarlıq QHT-lərə inam və etimadın güclənməsinə gətirib çıxarır. Ancaq Azərbaycanda bəzi QHT-lərdən beynəlxalq qurumlara donoslar yazıb QHT-ləri qruplaşdırmağa cəhd edənlər var. Bunu QHT-lərin zəifləməsinə maraqlı olan şəxslər edirlər. Onlar QHT-ləri "hökumətpərəst", "müxalif", "müstəqil" adlandırırlar və bu siyasi təsnifat, şübhəsiz ki, vətəndaş cəmiyyətini zəiflətməyə yönəlib. Məqsəd isə kimlərinsə xarici donorlardan daha çox qrant almasına nail olmaqdır, bu, aydın görünür".
Əliməmməd Nuriyev beynəlxalq donorlardan alınan qrantın QHT-lərə hansı formada ayrılması məqamına diqqət yetirilməsini zəruri sayır: "Son günlər bir çox KİV-də yalançı təhlillər aparılır. Bu təhlillər əslində bütövlükdə donorlardan alınan vəsaitləri təhrif etməyə yönəlib. Dövlətin ayırdığı qrant vəsaitlərinin çoxluğunu əsas gətirərək yanlış arqument irəli sürməyə çalışırlar ki, bu qrantı dövlət ayırırsa, deməli, onların çoxu hökumət təşkilatlarına verilir. Azərbaycanda 3 minə qədər QHT var. Dövlətin ayırdığı qrantları nəzərə alanda orta hesabla hər təşkilata 6-8 min manat arasında qrant düşür. Amma bilirik ki, xarici donorlardan gələn qrantlar azsaylı təşkilatlara verilir, onların 70-75 faizi 15-20 təşkilat arasında bölünür və nəticədə ümumən çox böyük bir rəqəm alınır. Əlbəttə, burada QHT-lərdəki peşəkarlığın nəzərə alınması məsələləri də var. Amma eyni donorun, bu və ya digər fondun uzun müddət yalnız bir neçə təşkilata vəsait ayırması narahatlıq yaradır. Əcəba, onların müsabiqələrdə göstərdikləri istiqamətdə çalışan başqa QHT-lər yoxdurmu? Donor, ya fond fəaliyyətində bir qədər diversifikasiya edib digər QHT-lərin də onların müsabiqələrində iştirakına imkan yaratmalı, obyektiv qərarlar qəbul etməlidir.
Əlbəttə, donor siyasətini özü müəyyənləşdirir. Amma Azərbaycanın prioritetləri, ölkədə həyata keçirilən sosial, hüquqi, mədəni islahatlar istiqamətində proqramlar da nəzərə alınmalıdır. Bu istiqamətlərdə müsabiqələr, qrant proqramları elan edilməli, vəsait QHT-lər arasında fərq qoyulmadan, ayrı-seçkilik edilmədən bölünməlidir. QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə keçirəndə, layihələri maliyyələşdirəndə təşkilatlara fərq qoymur, onlara demək olar eyni məbləği verir. Çünki burada əsas məqsəd vətəndaş cəmiyyətinin formalaşmasına, güclənməsinə yardım etməkdir. Bir çox QHT yeni yaranıb, maliyyə dəstəyi olmayanda marginallaşır, ümumiyyətlə fəaliyyət göstərə bilmir. Azərbaycan dövlətinin vəzifəsi vətəndaş cəmiyyətini gücləndirmək olduğu üçün yeni yaranan QHT-lərə dirçəlmək, formalaşmaq, rəqabət qabiliyyətli vətəndaş cəmiyyəti qurumuna çevrilmək üçün dəstək verir. Beynəlxalq donorlar isə çox vaxt belələrindən yan qaçır. Çünki onlara peşəkarlar lazımdır. Bunu başa düşürük. Amma onu da istərdik ki, həmin peşəkar təşkilatlara münasibətdə də ayrı-seçkilik olmasın. Ayrı-seçkilik olanda istər-istəməz suallar yaranır".
Sadalanan hallarla bağlı konkret qaydaların müəyyən edilib-edilməyəcəyinə gəldikdə, Əliməmməd Nuriyev qeyd edib ki, onlar yalnız tövsiyələr verə bilərlər: "Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donorlarla imzalanmış sazişlərdə ölkədəki QHT-lərə fərq qoymamaq, proqramlarını müəyyənləşdirərkən Azərbaycan cəmiyyətinin ehtiyaclarını nəzərə almaq kimi tövsiyələr yer alır".
Əliməmməd Nuriyev QHT-lərlə bank sektoru arasında yaşanan gərginliyin tezliklə bitəcəyinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə çox yaxın vaxtda qərarlar qəbul ediləcək, qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi haqda QHT-lərə bildirişlərin verilməsi (QHT-lər bank hesabından qrant vəsaitlərini həmin bildirişlər olduqda çıxara bilirlər) ilə bağlı narahatlıqlar, yubanmalar tam aradan qalxacaq: "Çünki qrantların elektron qeydiyyatdan keçməsi və bildirişlərin verilməsi ilə bağlı texniki proses, bildiyim qədər, başa çatmaqdadır. Qeydiyyatların sürətlə aparılması və bildirişlərin verilməsi hazırkı narahatlığı aradan qaldıra bilər. Biz bunu istəyirik, bu istiqamətdə də təkliflər verməkdə davam edəcəyik".