“Tağıyevin geyimi nümunə götürülüb” Hadisə

“Tağıyevin geyimi nümunə götürülüb”

QMİ sözçüsü: "Din xadimləri üçün vahid geyim onun məşhur fotolarında əks olunan geyimə və papağa uyğun olaraq hazırlanıb"

Azərbaycanda din xadimləri üçün vahid geyim forması təqdim olunub. Bununla bağlı cəmiyyətdə müəyyən müzakirələr də başlayıb. Təqdir edənlər də var, etiraz edənlər də...
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Media forum" saytına bildirib ki, din xadimlərinin vahid geyimdən istifadə etməsi məsələsi birdən-birə yaranmayıb, bu məsələ müxtəlif illərdə dəfələrlə müzakirə edilib, müəyyən ideyalar, təkliflər olub, ayrı-ayrı ölkələrin modelləri nəzərdən keçirilib: "Bütün bu müzakirələrdən sonra QMİ rəhbərliyi hesab etdi ki, geyimlər milli çalarları əks etdirməli, milli baxımdan uyğun olmalı, Azərbaycan xalqının keçmişinə əsaslanmalıdır.
Geyim haqda son qərar verilərkən mərhum xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin geyimləri nümunə kimi götürüldü. Hacı Zeynalabdin Tağıyev müqəddəs Həcc ziyarətində olub, dini qaydalara və Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun geyinib. İndi də onun fotolarına baxanda müsəlman olduğu dərhal duyulur. Vaxtilə geydiyi geyimlər kənardan baxanda onun müsəlman olduğunu dərhal söyləməyə imkan verib. Ona görə də Hacı Zeynalabdin Tağıyevin geyimləri bir nümunə olaraq götürüldü. Onun məşhur fotolarında əks olunan geyimə və papağa uyğun olaraq din xadimləri üçün vahid geyim, həmçinin papaq hazırlandı.
Ən əsası isə əbanın uzun olmamasına qərar verildi. Çünki əba uzun olanda onunla bütün məclislərə getmək olmur, uzun əba daha çox məsciddə geyinib minbərə çıxmaq üçündür. Din xadimlərimizin müxtəlif məclislərə, ictimaiyyət arasına rahat çıxmasına imkan verə biləcək bir geyim forması seçdik. Nəticədə sırf Azərbaycana məxsus olan, müstəqil ölkəmizin din xadimi üçün nəzərdə tutulan geyim ərsəyə gəldi. Diqqətlə baxan hər bir şəxs görə bilər ki, bu geyimlərdə heç bir ölkənin din xadiminin geyimi imitasiya olunmayıb. Ola bilər, hansısa element başqa ölkənin din xadiminin geyiminə müəyyən qədər oxşasın, amma bütövlükdə götürdükdə bu geyimlər yalnız müstəqil Azərbaycanın din xadiminə məxsus bir geyimdir. Hamı da bunu bəyənib".