“Azərbaycan “Alliqator” helikopterləri almaq istəyir” Hadisə

“Azərbaycan “Alliqator” helikopterləri almaq istəyir”

Sergey Qoreslavski: "Rusiyanın bəzi silah və hərbi texnikalarının Azərbaycanda istehsalı və modernləşdirilməsi üzrə işlər gedir"

"Biz Azərbaycanla T-72 tanklarının birgə modernləşdirilməsinə dair danışıqlar aparırıq. Bundan əlavə, Azərbaycan bizim Ka-52 "Alliqator" tipli kəşfiyyat-zərbə Helikopterlərimizlə yaxından maraqlanır".
Bunu "Trend"ə açıqlamasında Rusiyanın hərbi və ikili təyinatlı məhsul, texnologiya və xidmətlərin ixrac və idxalı üzrə dövlət vasitəçisi olan "Rosoboroneksport" ASC-nin baş direktorunun markentiq üzrə müavini Sergey Qoreslavski deyib.
Onun sözlərinə görə, "Rosoboroneksport" Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişafına böyük önəm verir. Bakıda 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" (ADEX-2014) sərgisinin keçirilməsi münasibətilə ölkəmizi təbrik edən S.Qoreslavski hesab edir ki, nəticələrə əsasən demək olar ki, sərgi baş tutub.
Direktor müavini qeyd edib ki, şirkət Ka-52 helikopterinin, eləcə də YAK-130 təlim-döyüş təyyarəsinin region bazarında irəliləyişinə böyük ümidlər bəsləyir: "Sizin ekspertlərin qiymətləndirməsinə görə, YAK-130 təyyarəsi Azərbaycan aviasiyası üçün unikal maraq doğurur. Ona hazırda bütün dünyada böyük tələbat var, çünki YAK-130 təkcə Rusiya deyil, həm də ABŞ, Fransa və digər ölkələrin istehsalı olan istənilən növ təyyarənin təlim təyyarəsi keyfiyyətlərini özündə birləşdirir, eyni zamanda, döyüş təyyarəsi, aviasiya-döyüş platforması hesab olunur. Biz hələ ki, yolun başlanğıcındayıq. Bizim bu texnikaya faktiki maraq görməyimiz xoşdur. Bizə belə gəlir ki, bu maraq iki əsas üzərində qurulub. Birincisi, artıq sizin ölkənin silahlanmasında Mi-35M helikopterləri, eləcə də Mi-15B-5 nəqliyyat-döyüş və hərbi-nəqliyyat helikopterləri var. Demək istəyirəm ki, Azərbaycanın Mi-35M və Mi-15B-5-ləri var ikən, Ka-52 helikopterləri də ölkənin müdafiə qabiliyyəti istiqamətində onların döyüş şəraitində səmərəli tətbiqini tamamlaya bilər. Bu helikopterin ikinci xüsusiyyəti isə budur ki, o, tamamilə Rusiya istehsalıdır. Onun bütün detalları Rusiyada istehsal olunur".
O, qeyd edib ki, ümumiyyətlə, bu vaxtadək şirkətin Azərbaycanla T-90 tanklarının, PDM-3, ZTR-82A, müxtəlif növ ağır odatan sistemləri (TOS), MSTA özüyeriyən artilleriya qurğuları, Mi-35M və digər hərbi texnikaların təchizatına dair müqavilələri olub.