“İcbari tibbi sığorta özlüyündə sosial proqramdır” Hadisə

“İcbari tibbi sığorta özlüyündə sosial proqramdır”

Dünyamalı İmaməliyev: "Sosial proqramların həyata keçrilməsində ortaq məxrəc üzərində dayanmaq üçün müxtəlif variantlardan və digər dövlətlərin praktikasını dərindən analiz edərək yararlanmaq olar"

Mətbuatın yazdığına görə, Azərbaycanda yaxın vaxtlarda tətbiq olunacağı gözlənilən icbari tibbi sığortanın şərtləri, təqribən də olsa, müəyyənləşib. İlkin şərtlərə görə, əməkqabiliyyətli hər bir vətəndaş icbari tibbi sığorta fonduna ayda orta hesabla 5-10 manat, işəgötürənlər isə hər işçiyə 10-12 manat ödəyəcəklər. Əhalinin bir hissəsi də icbari tibbi sığorta ödəməkdən azad olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl Hazirlər Kabinetində baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiq edilməsinə dair müşavirə keçirilib. Əli Əhmədov son illər ölkə iqtisadiyyatının süətli inkişafı ilə əlaqədar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib.
Baş nazirin müavini bildirib ki, əhaliyə səhiyyə xidmətinin yüksəldilməsi, səhiyyə infrastrukturunun keyfiyyətcə yeniləşdirilməsi, tibbi kadrların hazırlanması və s. istiqamətlərdə əldə olunan nailiyyətlər islahatların yeni mərhələdə davam etdirilməsini zəruri edir. Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin sürətləndirilməsinin zəruri olduğunu da vurğulayaraq, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, icbari tibbi sığortanın 3 mənbədən maliyyələşəcəyini yazan mətbuat baş nazirin müavini Əli Əhmədova istinadən bildirir ki, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən büdcənin üzərinə düşəcək.
İşəgötürənlərin, yəni şirkətlərin bu prosesə pul ayırmasının vacibliyinə gəlincə, Əli Əhmədov deyib ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsindən daha baha başa gəlir və bu vəziyyətdə ən yaxşı üsul mütəşəkkil formada icbari tibbi sığortadır.
Bu və digər məsələylə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ideoloji və təbliğat məsələləri üzrə katibi, tanınmış həkim Dünyamalı İmaməliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, doğrudan da icbari tibbi sığorta əhalinin yüksək keyfiyyətli tibbi yardımla təmin olunması üçün vacib proqramdır:"Baş nazirin müavini Əli Əhmədovun müsahibəsini oxumuşam. Əli müəllim bu məsələdə vacib məqamlara toxunub. Bildiyiniz kimi, BAXCP də ayrı-ayrı vaxtlarda icbari tibbi sığortanın vacibliyini gündəmə gətirib. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev dəfələrlə öz müsahibələrində bu proqramın vacibliyini vurğulayıb və hətta prezident seçkilərində öz platformasına daxil edib. 1999-cu ildən icbari tibbi sığorta dövlət proqramı kimi qəbul olunub və həmin vaxtdan indiyədək hər il bu proqramın həlli məqsədilə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb, lakin təəssüf ki, indiyədək bu proqram həyata keçməyib".
Bunun bir çox səbəbləri olduğunu deyən BAXCP funksioneri qeyd edib ki, icbari tibbi sığorta özlüyündə sosial proqramdır:"Sosial proqramların həyata keçrilməsində ortaq variant üzərində dayanmaq üçün müxtəlif variantlardan və digər dövlətlərin praktikasını dərindən analiz edərək yararlanmaq olar. Adətən icbari tibbi sığorta vətəndaş və dövlətin birgə investisiya yatırımı nəticəsində mümkün olur. Düzdür burada dövlətin üzərinə daha çox yük düşməlidir. Hörmətli Əli müəllim də qeyd edir ki, 3,5 milyona yaxın vətəndaşımız ödənişsiz kateqoriyaya aid edilir. Bunlar isə uşaqlar və pensiyaçılardır. Yəni dövlət öz vətəndaşının sağlamlığını həmişə prioritet olaraq qəbul etməlidir. Düşünürəm ki, bu proqram əsasən əhalinin aztəminatlı təbəqəsinin tibbi yardımında özünü göstərməlidir. Bura ilk tibbi yardım, ildə iki dəfə planlı tibbi müayinə(cek ap), stomatoloji və stasionar müalicə daxil edilə bilər. Bu, orta bir məbləğ üzərində paket şəklində fiksə oluna bilər. Paketin dəyərinin üçdə ikisi dövlət, üçdə biri də vətəndaş tərəfindən bir il ərzində aylar üzrə bərabər hissələrlə ödənilər. Dövlət bu proqrama nizamnamə kapitalı yüksək olan özəl sığorta şirkətlərini cəlb edə bilər. Əgər dövlət qarantı olarsa, özəl sığorta şirkətləri bu işə həvəslə qoşular, hətta deyərdim ki, aralarında güclü bir rəqabət yaranar. Bu da özlüyündə paketlərin həcminin genişlənməsinə və ya qiymətlərin aşağı düşməsinə səbəb olar".
Dünyamalı İmaməliyev burada bir vacib məqamın nəzərdən qaçmamasını da deyir:"Bu, ixtisaslı, peşəkar kadr məsələsidir. Bakı şəhərində ixtisaslı kadrlar olsa da, regionlarda yüksək ixtisaslı kadr problemi var. Bu zaman pasiyentlər sığortalı olduğundan, təbii ki, yüksək ixtisaslı həkimlərdə müayinə və müalicə olunmaq istəyəcəklər. Belə hal da bəzi xəstəxanalarda xəstələrin sıxlığına, digərlərində seyrəkliyə səbəb olacaq. Bunu aradan qaldırmaq üçün ixtisas artırma sürətləndirilməlidir. Qeyd edim ki, Səhiyyə Hazirliyinin həkimlərin atestasiyası və əhalinin icbari dispanserizasiyasi çox təqdirə layiqdir. Bu demək olar ki, proqramın vacib mərhələlərindəndir".
Səhiyyə müəssisələrinin özəlləşdirilməsinə gəlincə BAXCP funksioneri bildirib:"Səhiyyə müəssisələrinin hamısının yox, bazası zəif olan tibbi müəsisələrin özəlləşdirilməsinə getmək olar. Ancaq müəssisəni alan sahibkara sərfəli şərtlərlə təklif olunmalıdır ki, həmin müəsissə gələcəkdə də tibbi müəssisə kimi fəaliyyət göstərsin. Bu isə özlüyündə tibbi sektorda rəqabətin yüksəlməsinə gətirib çıxarar. Həmin özəlləşdirmədən əldə olunan vəsaiti digər dövlət xəstəxanalarının inkişafına yönəltmək mümkündür".