“TEAS Press” nəşriyyatının təqdimatı keçirilib Hadisə

“TEAS Press” nəşriyyatının təqdimatı keçirilib

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) "TEAS Press" nəşriyyatının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən TEAS-ın sədri Tale Heydərov bildirib ki, Nəşriyyat Evinin nəzdində uşaq ədəbiyyatı üzrə ixtisaslaşan "3 alma" uşaq ədəbiyyatı nəşriyyatı yaradılıb. "3 alma" uşaq ədəbiyyatı nəşriyyatı tərəfindən ilk dəfə olaraq dünyanın ən məşhur uşaq ədəbiyyatı nəşriyyatları - "Andersen Press", "Clavis", "Disney Hyperion", "Raintree-Capstone Books" nəşriyyatlarından 30-dan artıq bədii və informasiya xarakterli kitab xüsusi seçilərək Azərbaycan dilinə tərcümə edilib və nəşrə hazırlanıb. Türkiyədə Azərbaycanın sistemli tanıtımı işinin qurulması məqsədi ilə "TEAS Press" Nəşriyyat Evinin Türkiyədə filialı - "Forum yayınları" yaradılıb. Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair 40-dək kitab ilk dəfə türk dilinə tərcümə edilərək çapa hazırlanıb. T. Heydərov jurnalistlərə açıqlamasında onu da əlavə edib ki, nəşriyyatın əsas fəaliyyət istiqaməti Azərbaycanın dünyada tanıtdırılması olacaq. Bu istiqamətdə artıq bəzi layihələr mövcuddur. Qeyd edək ki, bu gün Bakıda "TEAS Press" Nəşriyyatı tərəfindən ingilis dilindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş Böyük Britaniyanın sabiq müdafiə üzrə dövlət katibi Liam Foksun "Şahə qalxan dalğalar. Yeni qlobal çağırışlar ilə üz-üzə" kitabının təqdimatı keçirilib.