Baş Prokurorluq Xədicə İsmayılın səs yazısını araşdıracaq Hadisə

Baş Prokurorluq Xədicə İsmayılın səs yazısını araşdıracaq

Eldar Sultanov: "Deputat Ceyhun Osmanlı audio yazını Baş Prokurorluğa təqdim edib"

Millət vəkili Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını bu gün prokurorluq orqanlarına təqdim edib.
APA-nın xəbərinə görə, millət vəkili bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. C. Osmanlı bildirib ki, X. İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim
edib.
C. Osmanlı "facebook" səhifəsində yazıb: "Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz "facebook" səhifəsində yad etdi. "Jurnalist" Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa təqdim etdim. Xədicə xanımın yüksək səslə danışdığını hər kəs bilsin deyə".
Millət vəkili daha sonra belə bir sonluq yazıb: "Vətənə xəyanət bağışlanılmır!!!". C. Osmanlı APA-ya açıqlamasında statusu özünün yazdığını təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda X. İsmayılın ABŞ xüsusi xidmət orqanlarının iki nümayəndəsi ilə İçərişəhərdəki ART Garden restoranında görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən "casusların" siyashının təqdim etdiyi barədə yazılmışdı. Həmin məlumatlarda görüşün keçirildiyi vaxt millət vəkili Ceyhun Osmanlının da eyni restoranda olduğu vurğulanmışdı.
Baş Prokurorluq da millət vəkili Ceyhun Osmanlı tərəfindən jurnalist Xədicə İsmayılova ilə bağlı audio yazının istintaqa təqdim olunmasını təsdiqləyib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı Baş Prokurorluğa təqdim olunub.
Həmin danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması, qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.