Keyfiyyətsiz çap olunmuş kitablar Hadisə

Keyfiyyətsiz çap olunmuş kitablar

Şahbaz Xuduoğlu: "Dünyayla ayaqlaşa bilmirik"
Rafiq İsmayılov: "Kitablar ağ kağıza qara şriftlə çap olunur ki, bu da gözləri yorur"
Paşa Qəlbinur: "Kitabın keyfiyyətsizliyi ciddi göz xəstəlikləri yarada bilər"

Hamının çox sevdiyi, dəfələrlə oxuduğu, əlindən yerə qoymadığı, illərlə əzizləyib saxladığı sevimli kitabı var. Və heç kim həmin sevimli kitabının vərəqlərinin saralmasına, hərflərin oxunmaz vəziyyətə düşməsinə, səhifələrin qopub tökülməsinə razı olmaz. Heç kim belə keyfiyyətsiz tərtib olunmuş kitabın övladının gözündə problem yaratmasını istəməz. Təbii ki, hamı daha keyfiyyətli tərtib olunmuş kitab almağa üstünlük verər. Azərbaycanda kitab çapı ilə məşğul olan nəşriyyatlar yetərli qədərdir. Amma keyfiyyət məsələsi hələ də mübahisə mövzusu olaraq qalır.
"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun fikrincə, kitab çapı işində Azərbaycan hələ ki, dünya ilə ayaqlaşa bilmir. Çünki kitab sənayesi hər gün inkişaf edir, hər gün yeni avadanlıq istehsal olunur və bunları ölkəyə gətirmək asan deyil: "Bu, çox mürəkkəb prosedurdur. Hər adam onları ölkəyə gətirə bilmir. Ona görə də, dünyayla ayaqlaşa bilmirik. Amma biz yenə də çalışırıq ki, çatışmazlıqları aradan qaldıraq. Hətta bəzi işləri kustar üsulla görməli olsaq belə".
Şahbaz Xuduoğlu deyir ki, Azərbaycanda sarımtıl kağızla kitab çapı ilk dəfə "Qanun" nəşriyyatında olub: "Son illərə qədər Azərbaycanda nəşr olunan kitablar yalnız ağ kağız və tünd qara şriftlə nəşr olunurdu. İndi isə bizdən başqa digər nəşriyyatlar da sarımtıl kağızdan istifadə etməyə başlayıblar. Digər cəhət isə, qalın qapaqlı kitablar idi ki, bizdən sonra artıq yavaş-yavaş digər nəşriyyatlar da nazik üzlü kitabların nəşrinə keçdilər".
"Altun" nəşriyyatının rəhbəri Rafiq İsmayılov Azərbaycandakı kitablarla Avropada çap olan kitablar arasında ciddi keyfiyyət fərqinin olmadığını deyir: "Bizdə əsas qüsur qalın üzlü kitablardır. Bundan başqa Azərbaycanda kitablar adətən ağ kağıza qara şriftlə çap olunur. Bu isə gözləri yorur".
Rafiq İsmayılov son zamanlar ağ kağızdan müəyyən rəng çalarlı kağıza keçildiyini bildirib: "Bəziləri düşünür ki, bu kağızlar ucuz olduğundan onlardan istifadə olunur, amma əksinə, onlar daha bahadır. Buna baxmayaraq müəyyən rəng çalarlı kağızın sıxlığı da çox olur. Belə ki, eyni həcmli kitabı həm ağ kağızda, həm də müəyyən rəng çalarlı kağızda çap etsək, ikinci daha qalın görünəcək. Buna baxmayaraq, çəkisinə görə, digərindən daha yüngül olacaq".
Keyfiyyətsiz çap olunmuş kitablar təkcə oxumaq həvəsini öldürmür, elə sağlamlığımızı da korlayır. Oftolmoloq Paşa Qəlbinur deyir ki, keyfiyyətsiz kitab göz xəstləlikləri yarada bilər: "Yeni nəşr beynəlxalq standartlara, kitab çapının poliqrafik qaydalarına cavab verməlidir. Həddindən artıq kiçik şrift gözə ziyandır. Mənim müşahidələrim göstərir ki, Azərbaycanda nəşr olunan kitablarda keyfiyyət lazımi səviyyədə deyil".
Paşa Qəlbinur bildirir ki, uşaqlar və böyüklər üçün nəşr olunan kitabların çap formatı fərqli olmalıdır: "Uşaq kitabları və böyüklər üçün kitablar fərqli olmalıdır. Kitabın keyfiyyəti ciddi göz xəstəlikləri yarada bilər. Göz xəstəlikləri əsəb sisteminin pozulmasına, bu da, dolayısı ilə başqa xəstəliklərin yaranmasına səbəb olur".
Poliqrafiya üzrə alim Şəddad Hüseynov deyir ki, SSRİ dövrü ilə müqayisədə hazırda Azərbaycanda kitab çapının keyfiyyəti aşağı düşüb: "O zamanlar bu sahəyə nəzarət var idi və bir mərkəzdən idarə olunurdu: əsasən Mərkəzi Komitənin Kommunist nəşriyyatı və Mətbuat və İnformasiya Komitəsi tərəfindən. Bu mərkəzləşdirilmiş sistem ləğv olunduqdan sonra nəşriyyatlar müstəqil şəkildə çap işini görməyə başladı. Hətta bəzi mətbəələr nəşriyyatların işini görür".
Kitabın tərtibatının əhəmiyyətindən danışan Şəddad Cəfərov deyir ki, bu, klassik musiqi kimi bir şeydir, onu hər adam anlamır: "Kitabın kağızının, yazının şriftinin özünün standartları var. Məsələn, onun kağızının ağ deyil, sarımtıl rəngdə olması daha yaxşıdır. Çünki, ağ rəngli kağız gözü yorur və hətta xəstəliyə də səbəb ola bilir. Bundan başqa sarı rəngli kağızın çəkisi yüngül olduğundan onu daşımaq da asanlaşır. Belə kağızlar ölkəmizə əsasən İrandan və Çindən gəlir".
Poliqrafçı alim bildirir ki, kitabın ümumi tərtibatı, formatı onun məzmununa uyğun olmalıdır. Belə ki, uşaqlar üçün nəşr olunan kitablarla, böyüklər üçün nəşr olunan kitablar bir-birindən fərqlənməlidir: "Kitab cibdə daşımaq üçün nəzərdə tutulubsa, onu elə çap etmək lazımdır ki, bu, istifadəçi üçün çətinlik törətməsin. Təbaşirli kağızdan çap olunan kitablar çox ağır olur. Onları yalnız stolüstü kitab kimi kitabxanalar və muzeylər üçün nəşr etmək olar".
Kitab çapında əsasən iki üsuldan istifadə olunur ki, bunlar tikmə və yapışdırma üsuludur. Ş.Cəfərov deyir ki, kitabın hansı üsulla çap olunması onun həcmindən asılıdır. Belə ki, həcmi 60 vərəqə qədər olanlar kitabça məftillə tikilir: "Məftillə tikilən kitabları həm cildin üstündən, həm də içindən tikmək olar. Başqa üsul isə yapışqanla yapışdırmaq üsuludur. Yapışqanı sürtməzdən əvvəl kağızları didirlər ki, möhkəm yapışsın. Ən möhkəm kitablar isə sapla tikilənlərdir. Yapışqanlı kitablar müvəqqəti istifadə üçün nəzərdə tutulur. Kitabın cildinə gəlincə, bu da kitabın nə üçün istifadə olunmasından asılıdır. Uzun müddət istifadə üçün nəzərdə tutulmuş kitabların çapında qalın cildə müraciət edilir".
Jurnalistika fakültəsinin dosenti, filologiya elmləri namizədi Mahmud Mahmudovun sözlərinə görə, əvvəllər kitab nəşrinə tələbkarlıq çox böyük idi: "Bir kitabın əlyazmasını qiymətləndirilərkən, ona həm daxili rəy, həm də xarici rəy verilirdi. Daxili rəy birbaşa nəşriyyat əməkdaşları tərəfindən verilən rəydir. Onlar müəyyən edirlər ki, bu əlyazmanı çap eləmək olar, ya olmaz, üzərində işləmək lazımdırmı, hansı nöqsanlar var və s. Xarici rəy almaq üçün isə əlyazmanı müəllifin adı bildirilmədən, nəşriyyatdan kənar mütəxəssislərə göndərirdilər. Bu rəylər olmadan əlyazmalar çap olunmurdu".
Mahmud Mahmudov bildirdi ki, indi nəşr olunan kitablarda əsas iqtisadi amil götürülür: "İndi bazar iqtisadiyyatı dövrüdür. Nəşriyyatlar da həddindən artıq çoxdur. Əksəriyyəti isə özəl nəşriyyatlardır. Bunların hamısında ideya və məzmunundan, mahiyyətindən, elmi və bədii səviyyəsindən asılı olmayaraq, iqtisadi amil əsas götürülür. Kitab bazarına isə maraq azdır. Səbəblərə gəlincə, mən belə deyərdim ki, pis yaxşını da gözdən saldı. Nəşriyyatlar ki başladılar kitabları kütləvi şəkildə çap eləməyə, elmi, bədii səviyyə, ictimai dəyər nəzərə alınmadı, o zaman kitaba maraq azaldı. O biri tərəfdən də informasiya, internet dövründə yaşayırıq. Bunlar da kitab bazarına marağı azaldan amillərdəndir. Vəziyyətdən çıxmaq üçün yenə də əsas iş nəşriyyatların üzərinə düşür. Ancaq müasir oxucunun zövqünə, tələblərinə, tərbiyəsinə əsaslı şəkildə təsir göstərə biləcək kitablar çap edilməlidir. Əlyazmaların üzərində müəlliflər işləməli, onları təkmilləşdirməli, kamilləşdirməlidirlər".
Mahmud Mahmudov təklif edir ki, özəl və dövlət nəşriyyatlarının fəaliyyətinə rəhbərlik edən bir dövlət qurumu yaradılsın: "Bu nəşriyyatların işi əlaqələndirilməlidir. Bəzən müxtəlif nəşriyyatlar eyni ildə eyni kitabı çap edirlər. Nəticədə onsuz da az olan oxucunun sayı 50 faiz də azalır. Çünki ölkədə 200-ə yaxın nəşriyyat bir-birindən xəbərsiz fəaliyyət göstərir. Bunların işini əlaqələndirmək lazımdır".
Media eksperti Zeynal Məmmədli də keyfiyətsiz kitab nəşrinin arxasında maliyyə çatışmazlığını görür: "Bir tərəfdən internetdən istifadə gündən-günə genişlənir. İnsanlar internet vasitəsilə istədikləri kitabı əldə edib oxuya bilirlər. Üstəlik Azərbaycanda kitabın alınması ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Bakıdakı kitab dükanlarının sayına baxın. Əvəllər şəhərdə 200-dən çox kitab dükanı var idi. Hələ son vaxtlar artsa da, əvvəlki kimi deyil. Yenə də azdır. Kitab bir mədəniyyətdir. Kitab var ki, sırf informasiya xarakterlidir. Oxuyub sırf məzmunundan yararlanmaq lazımdır və xarici görünüşü önəmli deyil. Amma kitab da var ki, bütövlükdə sənət əsəri kimi olmalıdır. Daxili ilə bərabər, xarici görünüşü də gözəl olmalıdır. Bütün bunlar bəlli bir bazar olmasını tələb edir. Bazar olanda nəşriyyatlar da maliyyə qoyub yaxşı poliqrafiya texnikası alıb istifadə edirlər. Çünki bahalı texnika kitabın maya dəyərinin yüksək olmasını tələb edir. Mən hesab edirəm ki, Azərbaycan hələ ki, kitaba maraq yaratmaq üçün ucuz kitab siyasətini davam etdirməlidir. Bundan sonra, müxtəlif müsabiqələr, yarışlar təşkil edilir, orda tarixi əsərlərin seriyaları yaranır, ədəbi abidələr və s. Olur ki, bunların da dizaynı çox gözəl olmalıdır. Məsələn, Azərbaycanın dünya kitabxanalarındakı nümunələrinin dizaynı tamamilə başqadır. Çünki bunlara maliyyə yatırılıb".
Zeynal Məmmədli dərsliklərin keyfiyyəti ilə bağlı da fikirlərini bölüşüb: "Amma kitab nəşrində anlaşılmayan məqamlar da var. Məsələn, bəzi dərs kitablarının keyfiyyət məsələsi. Bu kitablar böyük tirajla nəşr olunur. Tiraj nə qədər çoxdursa, kitab o qədər ucuz satıla bilər. Bu kitabların qiyməti isə kifayət qədər baha olsa da, keyfiyyəti, dizaynı aşağıdır. Bu artıq dövlət qurumlarının diqqətində olmalıdır. Hərçənd təklif olunur ki, kitablar gələcəkdə planşetlərə yüklənib istifadəyə veriləcək, bu da yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, planşet kitabı heç vaxt əvəz edə bilməz. Hərəsinin öz yeri var. Dərs kitabları bizim üçün çox böyük qaynaqdır. Çünki biz öz poliqraik mədəniyyətimizi dərs kitablarında nümayiş etdirə bilərik. Bir ölkənin mədəniyyət səviyyəsini bilmək istəyirsənsə, orada çap olunan dərs kitabınlarına baxa bilərsən. Bununla ölkənin poliqrafiya mədəniyyəti haqda məlumatlana bilərsən. Ona görə də bu məsələyə ayrıca diqqət verilməlidir".

Ülviyyə Tahirqızı