Oqtay Əsədov AŞ PA prezidentini qəbul edib Hadisə

Oqtay Əsədov AŞ PA prezidentini qəbul edib

Milli Məclis sədri: "AŞ qarşısında öhdəliklərin yerinə yetirilməsi hər zaman Azərbaycanın siyasi istiqamətlərindən biri olub"

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti xanım Ann Brasörü qəbul edib.
Görüşdə O.Əsədov qeyd edib ki, Avropa Şurası Azərbaycan üçün önəmli təşkilatdır: "Avropa Şurası yeganə təşkilatdır ki, Azərbaycan onun qarşısında öhdəliklər götürüb və bu öhdəliklərin yerinə yetirilməsi hər zaman Azərbaycanın siyasi istiqamətlərindən biri olub".
Spiker qeyd edib ki, həm AŞ, həm də Azərbaycan tərəfindən qarşılıqlı səfərlər təşkil olunub. O.Əsədovun sözlərinə görə, bu onun AŞ PA prezidenti ilə son 4 ay ərzində artıq 4-cü görüşüdür: "Bu görüşlər çox əhəmiyyətlidir. Belə görüşlər Azərbaycanla AŞ arasında münasibətlərin inkişafına xüsusi töhfə verir".
A.Brasör isə qeyd edib ki, AŞ ölkələrini birləşdirən yeganə şey təşkilatın prinsipləridir: "Bu prinsiplər bütün üzv ölkələr tərəfindən yerinə yetirilməlidir".
Daha sonra görüş bağlı qapılar arxasında davam etdirilib.