Ürək, qan-damar sistemi xəstəlikləri Hadisə

Ürək, qan-damar sistemi xəstəlikləri

Ölkəmizdə ölənlərin 51 faizi bu xəstəliklərdən dünyasını dəyişir

Həyatı tərk edənlər də çoxalıb, ölüm nədənləri də. Qəzaları, bədbəxt hadisələri çıxsaq, vəfat edənlərin çoxu xəstəliklərin ucbatından dünyasını dəyişir. Hazırda Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə qan dövranı sistemi xəstəlikləri gəlir. Belə ki, son 5-6 ildə ölkəmizdə bu xəstəlikdən hər il 30 mindən çox, ümumilikdə isə 150 mindən artıq insan dünyasını dəyişib. Azərbaycanda ölüm səbəbləri sırasında ikinci sırada yenitörəmə xəstəlikləri gəlir. Söhbət şiş və digər xəstəliklərdən gedir. Həzm sistemi xəstəliklərindən də ölənlərin sayı nisbətən yüksəkdir. Amma bir sevindirici hal var ki, Dövlət Statistika Komitəsinin məlumatında həzm sistemindən ölənlərin sayında son illər azalma müşahidə olunduğu bildirilir. Travmalar, zəhərlənmələr səbəbindən ölüm halları da yüksəkdir. Belə ki, 2012-ci ildə 2467 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
Ölkədə xəstəliklərdən ölüm hallarının artmasında ekologiyanın, keyfiyyətsiz qidaların, insanların üzləşdikləri sosial problemlərin rolunu qeyd etməyə dəyər. Bütün bunlar isə insanlarda, ilk növbədə, streslə, aqressiya ilə müşahidə edilir. Mütəxəssislər bildirir ki, stress və aqressiya ilə mübarizədə ən yaxşı üsul idman etməkdir. Eləcə də insanların yedikləri qidalara diqqət etməsi də vacibdir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAID) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən "Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları" mövzusunda aparılan sorğunun nəticələrinə görə, ölkəmizdə ölənlərin 51 faizi ürək qan-damar sistemi xəstəliklərindən dünyasını dəyişir. Bu, digər xəstəliklərlə müqayisədə ən yüksək rəqəmdir. Beləliklə, Azərbaycanda vəfat edən hər iki nəfərdən birinin ölümü ürəklə bağlıdır.
Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi arteriyanın divarının qalınlaşması nəticəsində ürək, beyin və digər üzvlərin qanla təchizatının pisləşməsidir. Xəstəliyin yaranma səbəbi kimi qeyri-düzgün qidalanma, fiziki hərəkətsizlik faktorları əsas gətirilir. Amma sirr deyil ki, fiziki faktorlarla yanaşı sosial vəziyyət də bu xəstəliyinin yüksələn göstərici ilə inkişafını sürətləndirir.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2012-ci ildə ölkə üzrə 271 295 nəfər qan dövranı xəstəliklərindən əziyyət çəkib. Keçən il 30 006 nəfər qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişib. Onların 15 207 nəfəri kişi, 14 799 isə nəfəri qadın olub. 2012-ci ildə Azərbaycanda 0-13 yaşlı insanlar arasında 15 982, 14-17 yaş arasında olan insanlarda 4079, 18-19 yaş arasında olan insanlarda 21 983, 30 və daha yuxarı yaşlı insanlar arasında isə 229 251 qan-damar dövranı sistemi xəstəliklərindən əziyyət çəkən xəstə olub. Respublikada qan-damar dövranı sistemi xəstəliklərindən əziyyət çəkən 0-13 yaşlı xəstələrin 7243-ü, 14-17 yaşlı xəstələrin 1764-ü, 18-29 yaşlı xəstələrin 10 124-ü, 30 və daha yuxarı yaşlı xəstələrin isə 111 836-sı qadın olub.
Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev mətbuata müsahibəsində bildirib ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. 1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir. Ümumilikdə infarktın baş verməsi hallarına daha çox kişilər arasında təsadüf olunur. Lakin infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir. Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur: "Çünki qadın orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində ölə bilərlər. Çünki onlarda zədələnmənin dərəcəsi də ağır olur və daha çox fəsad yaranır. Həm də qadınlar bu xəstəliyə bir az qeyri-ciddi yanaşırlar, kişilər isə qorxurlar".
Həm qadın, həm də kişilərdə müəyyən yaş dövrünün onların həyatları üçün daha riskli olmasına gəldikdə, Adil Baxşəliyev deyib ki, konkret olaraq 40 yaşın kişilərin sağlamlığı üçün riskli olması ilə bağlı söylənilənlərin heç bir elmi əsası yoxdur. Onun fikrincə, bu fikir insanlarda qorxudan yaranıb. Buna görə də kişilər 40 yaşı özləri üçün riskli yaş hesab edirlər. Ancaq ümumilikdə kişilərdə 45-50 yaşdan sonra riskli yaş dövrü başlayır. Çünki 45-50 yaş arasında olduqda artıq kişilər sağlamlıqlarında müəyyən problemlərlə üzləşirlər. Onlarda kişi cinsi hormonlarının aktivliyi çox aşağı düşür. Burada siqaret çəkmənin, stabil qazanc yolunun olmaması da rol oynayır. Urbanizasiya prosesinin baş verməsi də kişilərin həyat tərzinə mənfi təsir edir.
Qadınlar isə reproduktiv yaş mərhələsində olduğu dövrdə, qadın cinsi hormonları normal fəaliyyət göstərdiyi müddətdə onlarda ürək-damar xəstəlikləri nəzərə çarpmır. Bu hormonlar qadınlara qoruyucu təsir edir, onlarda xolesterini aşağı salır, qan təzyiqinin qalxmasının qarşısını alır. Eyni zamanda, orqanlarda piylənmə əmələ gəlmir: "Əfsus ki, indi qadınlarda 30-35 yaşdan sonra, bəzilərində isə 40-a yaxın aybaşı tsiklində pozuntular əmələ gəlir. Bu zaman aybaşı tsikli vaxtından qabaq kəsilir, menopauza dövrü başlayır. Bəzən menopauza dövrü çox uzun çəkir. Bu dövr 2-3 il, bəzən hətta 20 ilədək davam edir. Qadınların menopauza dövründən başlayaraq çəkiləri artır. Artıq çəki də ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün münbit şərait yaradır, ateroskleroz güclənir.
Səhiyyə Nazirliyinin baş kardioloqu Faiq Quliyev bildirir ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət heç də xarici ölkələrdənkindən fərqlənmir. Xəstəliyin cavanlaşması və artmasının səbəblərindən biri erkən diaqnostikanın aparılmasıdır. Baş kardioloqun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin baş verməsinə səbəb olan risk faktorları ilə mübarizə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da aparılır. Bu risk faktorları siqaret çəkmə, piylənmə, hipodinamiya, artreial hipertenziyadır.
Faiq Quliyev qeyd edir ki, "biz ayrı-ayrı risk faktorlarını müqayisə etdikdə görürük ki, Azərbaycanda Avropa ilə müqayisədə siqaret çəkmə daha çoxdur. Ancaq Hindistan, Çinlə müqayisədə azdır. Risk faktorlarını bir-biri ilə müqayisə etmək, onlardan hansının daha üstün rol oynadığını demək çətindir".
Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan vəfat edir. Həkim-nevropatoloq Maya Nəbiyevanın sözlərinə görə, beynin qan-damar xəstəlikləri sinir sisteminin geniş yayılan xəstəliklərindən biridir. Yaşlı adamlar arasında ölüm hallarının 50 faizi bu xəstəliklər nəticəsində baş verir. Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan dünyasını dəyişir. Son zamanlar insanlar arasında beynin qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı xeyli artıb. İndi bu xəstəliklərə nəinki yaşlılar, eyni zamanda cavanlar arasında da tez-tez təsadüf edilir. Beynində qan-damar xəstəlikləri olanların bir qismi dünyasını dəyişir, əksər hissəsi isə əlil qalır. Beyində damar pozğunluğunun əmələ gəlməsində hipertoniyanın, arterial hipertoniyanın, ürək xəstəliklərinin, revmatizm nəticəsində törəyən infeksion virusların, anadangəlmə damar anomaliyalarının, psixi və fiziki gərginliyin, alkoqolizmin rolu böyükdür.
Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi arteriyanın divarının qalınlaşması nəticəsində ürək, beyin və digər üzvlərin qanla təchizatının pisləşməsidir. Xəstəliyin yaranma səbəbi kimi qeyri-düzgün qidalanma, fiziki hərəkətsizlik faktorları əsas gətirilir. Amma sirr deyil ki, fiziki faktorlarla yanaşı sosial vəziyyət də bu xəstəliyinin yüksələn göstərici ilə inkişafını sürətləndirir.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bu, ciddi ailə problemimizin olması ilə bağlı məsələdir. Sosioloqun fikrincə, əksər Azərbaycan ailəsində gərginlik yaşanır: "Bunu etiraf etsək də, etməsək də, ciddi bir problemlə qarşı-qarşıyayıq. Mühitin təsirindən ortaya çıxa bilən gərginliyi iqtisadi və ya mənəvi amillər də yarada bilər. Təbii ki, gərginlik yaşanan ailədə ürək qan-damar sistemi xəstəliyi də inkişaf edəcək. Çünki ev elə bir yerdir ki, orda insan maksimum rahatlıq tapmalı, gün ərzində işdə yığdığı gərginlikdən azad olmalıdır. Bu, evdə mümkün olmayanda, gərginlik yaşananda təbii ki, insanın ürəyi dözməyəcək".
Sosioloq deyir ki, ürək qan-damar xəstəliklərinin inkişafına təsir edən digər amil qida mədəniyyətinin yoxluğudur: "Açığını demək lazımdırsa, biz düzgün qidalana bilmirik, biz nəyi nəylə yemək olar-olmaz, bunu da bilmirik. Qida mədəniyyəti barədə çoxumuzun təsəvvürü zəifdir". Əhməd Qəşəmoğlu bildirdi ki, ürək xəstəliyinin yaranmasına və artmasına digər səbəb istirahət seçiminin düzgün olmamasıdır: "Baxın, bəzən gülüb ələ saldığımız İranda necə istirahət edirlər. Həftənin istirahət günləri onlar qohumlara qonaq gedir, birlikdə vaxt keçirirlər. Belə olduqda stress, gərginlik azalır. Amma bizdə necədir? Bizim cəmiyyətdə meşşanlıq artır, insanlar bir-birinə badalaq gəlir, əsəb yaradan hərəkətlə qarşılaşırıq. Təbii ki, sonu ürəyə, qan-damara zərbə ilə nəticələnəcək".
İqtisadçı-ekspert Vüqar Abbasov deyir ki, bütün xəstəliklərin təməli qeyri-düzgün həyat tərzindən başlayır: "Qeyri-düzgün həyat tərzi sosial və iqtisadi problemlərin çoxluğundan əmələ gəlir. Düzdür, çox az qisim var ki, maddi durumu yaxşıdır, ancaq bu xəstəlikdən əziyyət çəkir. Güman ki, o da qida mədəniyyəti baxımından kasıbdır". Ekspert deyir ki, məsələ ikitərəflidir: "Birincisi, maddi problemlər yaşayan, sosial vəziyyəti aşağı insan standart həyat göstəriciləri yarıtmaz olan çox şeydən məhrum qalır, buna qidalanmadan tutmuş ev şəraitinin yaxşı olmaması da daxildir. İkincisi, iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün davamlı işləməsi, daha çox pul qazanmaq naminə istirahətsiz qalmasıdır. Beləliklə, işdə gərginlik, yorğunluq, stress alan insan evə gələndə evdəki problemləri də görür və vəziyyət ürək problemi, qan-damar xəstəlikləri ilə nəticələnir".

Ülviyyə Tahirqızı