Təhlükəsizlik tədbirləri haqqında sərəncam yüksək dəyərləndirilir Hadisə

Təhlükəsizlik tədbirləri haqqında sərəncam yüksək dəyərləndirilir

Umud Rəhimoğlu: "Milli informasiya təhlükəsizliyi məsələsi həm dövləti, həm də medianın təcrübəli rəhbərlərini ciddi düşünməyə vadar edib"
Qulu Məhərrəmli: "Bu cür məhdudiyyətlər dünyanın hər yerində var"
Üzeyir Cəfərov: "bu sərəncam bütün KİV və müvafiq dövlət orqanları üçün lazımlı sənəddir"

Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzalayıb.
Sərəncamda qoşunların təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və xüsusi əhəmiyyət kəsb edən məlumatların, eləcə də "Dövlət sirri haqqında" Qanuna görə, dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədi ilə Müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının yaradılması nəzərdə tutulur.
Bundan başqa hərbi birliklərə, hissələrə hamilik haqqında "Azərbaycan Prezidentinin 1998-ci il 9 yanvar tarixli 667 nömrəli Fərmanına uyğun olaraq yaradılan müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları təmas xəttinə bitişik ərazilərdə (bundan sonra - cəbhəboyu zona) müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədi ilə həmin zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görülməsi tapşırılır.
Nazirlər Kabinetinə tapşırılıb ki, 1994-cü ildə qəbul olunmuş "Hərbi vəziyyət haqqında" qanunun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, bir ay müddətində "Dövlət sirri haqqında" qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
Bundan başqa mühüm dövlət və hərbi əhəmiyyət daşıyan məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işinin və mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə həmin orqanların mətbuat xidmətləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraitinə dair məlumatların yayılması üçün internet informasiya ehtiyatlarının, o cümlədən sosial şəbəkələrin imkanlarından daha səmərəli istifadə edilməsini, bu məqsədlə mətbuat xidmətlərinin işçiləri üçün müvafiq təkmilləşdirmə kurslarının təşkilini təmin etmək tapşırılıb.
Eyni zamanda Mətbuat Şurasına Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların KİV-də və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etsin.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu deyib ki, sərəncam günün tələbi idi. Onun sözlərinə görə, avqust ayında müşahidə olunan xoşagəlməz hal, Azərbaycanın milli informasiya təhlükəsizliyinə zərbə vuran bu vəziyyət həm dövləti, həm də medianın təcrübəli rəhbərlərini ciddi düşünməyə vadar edib: "Təəssüf ki, Azərbaycan mediasının bir qismi bu gözlənilməz sınaqdan çıxa bilmədi. Bir çox hallarda milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə, xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə informasiyalar mediada yer aldı. Halbuki belə informasiyaların yayılması birbaşa düşmən tərəfin dəyirmanına su tökməyə bərabər addım idi. Bəzi media təmsilçilərimiz bu mövzuda xəbər yaymağın həssas məsələ olduğunu, "Dövlət sirri haqqında" qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyət daşıdıqlarını sanki unutmuşdular. Nəticə isə məlum olduğu kimi acınacaqlı oldu".
Umud Rəhimoğlu bəyan edir ki, Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncamdan irəli gələrək üzərinə düşən məsuliyyəti anlayır və ən qısa müddətdə hərbi sahədə Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə silsilə tədbirlər keçirəcək: "Xüsusilə də Mətbuat Şurası kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini daha da effektiv və səmərəli şəkildə təşkil etməyə çalışacaq".
Media eksperti Qulu Məhərrəmli söyləyib ki, hər bir Azərbaycan vətəndaşı dövlətin təhlükəsizliyi ilə bağlı olan məsələlərdən yazanda ehtiyatlı olmaq gərəkdiyini anlamalıdır.
O, cəmiyyətdə maarifləndirmə işinin aparılmasının zəruriliyini qeyd edib: "KİV haqqında qanunda, "Teleradio Yayımı haqqında" qanunda, "İnformasiya əldə etmək haqqında" qanunda xüsusi olaraq müəyyən qisim informasiyaların sirr kimi saxlanıldığı göstərilir. Məsələn, "İnformasiya əldə etmək haqqında" qanunda dövlət sirri ilə bağlı məsələlərin geniş siyahısı verilib və onlar dəqiq göstərilib. Hərbi sirləri ilk növbədə bu sirri saxlamağa cavabdeh olan insan məsuliyyət daşıyır ki, onlar kənara çıxmasın. Hazırda problem sosial şəbəkələrdədir. Hər bir Azərbaycan vətəndaşı dövlətin təhlükəsizliyi ilə bağlı olan məsələlərdən yazanda ehtiyatlı olmaq gərəkdiyini anlamalıdır. Ona görə də cəmiyyət maariflənməlidir. Bizim cəmiyyətdə isə maarifləndirmə işi aparılmır. Bu cür məhdudiyyətlər dünyanın hər yerində var. Məsələn, Amerika İraqda müharibə aparanda mətbuata xüsusi senzura qoyulmuşdu. Yalnız SNN telekanalı xüsusi təlimatlandırma ilə məlumatlar yayırdı. Bütün qadağalar başqa ifadə formaları axtarır. Yəni tamamilə başqa gözlənilməyən reaksiyalar doğura bilər. Buna görə konkret olaraq təbliğat işi aparmalıyıq. Bəzən hər hansı mənasız detal qarşı tərəfə müəyyən informasiya verə bilər. Ona görə ayıq olmaq lazımdır. Yəni ölkənin müdafiəsini zəiflədəcək hər hansı bir məlumatı yaymaqdan çəkinmək gərəkdir".
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə qeyd edir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi müşavirədə də aydın şəkildə bildirildi ki, bu sahədə baş verən xaotik vəziyyət davam edə bilməz: "O vaxtdan media bu mövzuya daha həssas və peşəkar yanaşmağa başlayıb. Prezidentin sərəncamı bir daha vəziyyətin dövlət və millətimiz üçün nə qədər əhəmiyyət kəsb etdiyini qətiyyətlə ortaya qoydu".
Yadigar Məmmədlinin fikrincə, bu vəziyyətdən media və cəmiyyətimiz zərbə almayacaq: "Əksinə, dövlət əhəmiyyətli bu məsələdə cəmiyyət yanlış məlumatlar deyil, daha əsaslı, ciddi mənbələrə söykənən xəbərlər əldə edəcək".
Hərbi ekspert Azad İsazadə hesab edir ki, indiki situasiyada cəbhə xətti ərazilərdə patrul dəstələrinin formalaşdırılmasına doğrudan da ehtiyac var: "Cəbhə zonasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Çox uzağa getmirəm, elə bu yay ərzində bir neçə dəfə ermənilərin sərhədi keçməsinin şahidi olduq. Cəbhədə yaxalanan erməni diversantını da, kəndə girən çobanı da məhz yerli əhali tutub, hərbi hissəyə təhvil vermişdi. Bütün bunlar isə göstərir ki, cəbhə xəttində könüllü patrul dəstələrinin köməyinə ehtiyac var. Ola bilsin ki, onların gəlişindən heç kim xəbərdar olmayıb, işlərini görüb qayıdıblar. Prezidentin sərəncamı da məhz bu problemin aradan qaldırılmasına hesablanıb. Əslində cəbhəyanı ərazilərdə yerli sakinlərdən ibarət patrul dəstələrinin formalaşdırılması müsbət haldır. Çünki kənd sakinləri bir-birini yaxşı tanıyır və kənddə nabələd adam görən kimi şübhələnirlər. Ola bilsin ki, səhv eləsinlər. İstisna deyil ki, hansısa kəndə yaxınlarını, dostlarını ziyarətə gedən insanlardan, yaxud da jurnalistlərdən şübhələnib, hərbi hissəyə xəbər göndərsinlər. Burada isə ciddi problem yoxdu. Uzaqbaşı, həmin adamın sənədlərini yoxlayıb, buraxacaqlar. Xatırladım ki, sərhədyanı bölgə olduğu üçün sovet vaxtında Lənkəran-Astara zonasında patrula oxşar dəstələr fəaliyyət göstərirdi. Yəni həmin ərazilər bağlı zona idi. Sərhədçilərin yerli sakinlərdən köməkçiləri vardı. Rayona girən adamın sənədləri düz olmadıqda həmin adamı saxlayıb, ifadəsini alırdılar".
Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, avqust ayında cəbhə bölgəsində baş verən hadisələrdən sonra belə bir sərəncamın olması vacibdir. O, qeyd edib ki, bu sərəncam bütün KİV və müvafiq dövlət orqanları üçün lazımlı sənəddir: "Sərəncamdan irəli gələrək müvafiq qurumlar öz işlərini tənzimləməlidirlər. 1994-cü ildə "Hərbi vəziyyət haqqında" Qanun qəbul olunmuşdu. Lakin o zaman Azərbaycanda nə internet media resursları, nə də sosial şəbəkələr var idi. O qanundan illər keçib və zamanına, məkanına görə çox dəyişikliklər olub. O qanunun təkmilləşdirilməsinə çox böyük ehtiyac var idi. Bu sərəncamdan sonra Nazirlər Kabineti müvafiq müddəaları işləyib təqdim edəcək. İllər ərzində qanunların müddəalarında xeyli dəyişikliklər olub. Xeyli görüləsi işlər var".
Üzeyir Cəfərovun sözlərinə görə, bu sərəncamın təhlükəsizliyə eyli xeyri dəyəcək.
Millət vəkili Aydın Mirzəzadə bu sərəncamı indiyədək görülən işlərin davamı hesab edir: "Torpaqlarının bir hissəsi işğal altında olan bir dövlət üçün cəbhə bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələ həmişə aktual olaraq qalır. Ermənistanla müharibə şəraitindəyik. Bu sərəncam indiyə qədər görülən işlərin davamıdır. Bu sərəncamda göstərilənlərin həyata keçirilməsi dövlət əhəmiyyətli məsələlərdir. Hesab edirəm ki, bu məsələlər yüksək səviyyədə həyata keçiriləcək".

Əli