Ermənilər milli arxiv işinə necə mane olurdular Hadisə

Ermənilər milli arxiv işinə necə mane olurdular

Neftlə bağlı layihə sənədləri Azərbaycanda qaldı

Dövlət Elm və Texnika Sənədləri arxivində fəaliyyət göstərdiyim 45 ilin 17 ilini İvan Qaspoloviç Qasiyevlə birgə çalışmışıq. Əslində nəhəng və vacib dövlət əhəmiyyətli tarixi sənədlər mərkəzinin ilk təşkilatçıları mən və İvan Qaspoloviç olub. 1969-cu ilin avqustundan 1986-cı ilin avqustunadək mən həmin arxivin direktoru, o isə elmi işlər üzrə direktor müavini işləyirdi. Eyni binada mənzil almışıq, eyni blokda yaxın qonşu və sonra da dost olmuşuq. Subaylıqda da, ailə qurduqdan sonra da kasıb süfrələrimiz bir-birimizin üzünə açıq olub.
Bütün bunlara görə də indi ona mərhum deməyə dilim gəlmir. Yeni vəzifədə hər ikimizdən ciddi məsuliyyət tələb olunurdu. O zamankı nəhəng SSRİ-nin ərazisində fəaliyyət göstərən sahə institutlarında toplanaraq ağır bir yükə çevrilmiş layihə və elmi-tədqiqat sənədlərinin vahid dövlət mühafizəsində mərkəzləşdirilməsi və onlardan ötən tarixi təcrübənin istifadə olunması problemi Moskvada düz 20 ilin nəticəsiz müzakirə mövzusuna çevrilmişdi. Normativ qaydalar hazırlandığından dövlətin qərarı ilə 1964-cü ildə Moskvada və 1968-ci ildə Minskdə yaradılan Elmi-Texniki Sənədlər arxivləri də iş görə bilmirdilər. İri neft sənayesi institutlarının hələ 20-ci illərdən bəri fəaliyyət göstərdiyi Azərbaycanda isə bu məsələ daha kəskin qoyulurdu. Qaspoloviçlə qəti qərara gəldik ki, bu arxiv üçün tələb olunan bütün metodiki bazanı və əməli işi biz özümüz yaratmalıyıq. Başlanğıcda işlərimiz xeyli çətin oldu. O illərdə bütün sabiq respublikalarda olduğu kimi Azərbaycandada dövlət arxivləri tərəfindən idarəçilik sənədləri sahəsində real təcrübə toplansa da elmi-texniki sənədlər sahəsində bu vacib məsələ hələ də yerini tapa bilmirdi. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi sistemində əlverişli vəzifələr tutmuş erməni millətindən olan "mütəxəssislər"- Alabyanlar, Abbakumovalar, Şakaryanlar, Adamyanlar, Kaprielyanlar, Petrosovalar və onlarla başqaları bu yeni arxiv barədə yersiz, qərəzli söz-söhbətlərə rəvac verirdilər. Onlar imkanları düşdüyü hər yerdə, hətta rəsmi iclaslarda və bəzən də üzümüzə deyirdilər ki, kadr potensialının çox güclü olduğu Moskvada, yaxud Minskdə həll olunmayanları Bakıda kimlər və necə həyata keçirəcək? Əslində onlar Azərbaycanda belə bir dəyərli mərkəzi dövlət arxivinin yaradılmasını istəmirdilər. Axı danılmaz fakt idi ki, erməni millətçiləri, ilk növbədə onların başbilənləri bütün əsrlər boyu bizim milli köklərimizi qazanlar olmuş, bunun üçün isə ilk növbədə arxiv sənədlərimizi məhv etmişlər. Baş Arxiv İdarəsində beş ilədək mənimlə bir şöbədə işləmiş əsas fəaliyyət üzrə təşkilat-metodika şöbəsinin rəisi Ruzanna Avakovna Alabyan (o, həm də rəisin sağ əli idi) belə ifadələrdən dəm vurarkən ona çox acıqlı cavab qaytaran İvan Qaspoloviç demişdi: bəsdir təxribat apardığınız Ruzanna Avakovna, sizin xəyalən mümkünsüz saydığınızı Azərbaycanda məhz biz həyata keçirəcəyik - Haşımov və Qasiyev.
Elə belə də oldu. Qarşımıza çıxan əngəllər də az olmadı. Arxiv əslində heç bir metodiki və əməli bazanın olmadığı quru bir yerdə yaradılmışdı. Bundan əlavə kadr işlərimiz müşkülə düşmüşdü. Bizə heç bir əməkdaşı işə götürməyə icazə vermirdilər. İvan Qaspoloviçin ciddi təkidi ilə mən rəis Mütəllim Babayevə təkrar-təkrar müraciətdən sonra boş qalmış cəmi iki nəfərin qəbuluna razılıq aldım. İnsafən deyim ki, rəis Babayevin bizə göndərdiyi 25 nəfərin əksəriyyəti milli diplomlular idi. Lakin onlar iş üçün az önəmli olan texniki işlərin icrasından başqa heç nə bacarmırdılar. Mən razılıq aldığım həmin iki nəfərin seçilməsini İvan Qaspoloviçə tapşıranda o, sevinib dedi: bax mənə bu iki nəfər də bəsdir.
Müxtəlif millətlərə və dinlərə xas olsaq da, İvan Qaspoloviçlə xasiyyətimiz eyniyyət təşkil edirdi. Hər ikimiz çox erkən ailə başçılarımızı itirmiş, kasıbçılıq həyatı yaşamış, əziyyətlə oxuyub ali təhsil almışdıq. Respublikada o qədər də asan olmayan arxiv işlərinin problem məsələlərinə münasibətdə fikirlərimiz üst-üstə düşürdü. O, məndən iki il əvvəl Moskvada Ali Tarix-Arxiv institutunu bitirmiş, Bakıya təyinat almış, respublikanın ən iri dövlət arxivində baş elmi işçi, şöbə müdiri işlədiyindən metodiki məsələlərdə üstün idi. Qarşımıza çıxan işlərin çətinliyini nəzərə alan İvan Qaspoloviç hər ikimizin Moskvaya ezam olunmağımızı zəruri saydı. İdarədə vəsait çatışmazlığını əsas götürən rəis Babayev isə Moskvaya getməyə yalnız məni məsləhət bildi. Mən Moskvada sabiq SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsində, Mərkəzi Dövlət Elmi-Texniki Sənədlər Arxivində oldum və orada toplanmış bütün rəyləri, yazılı mülahizələri, hətta iş planlarını və konfrans materiallarını əldə edib Bakıya gətirdim. Əslində nümunə götürməli, istinad etməli heç nə yox idi. Beş ildən artıq fəaliyyət göstərən Mərkəzdəki sahə dövlət arxivinin sənəd qəbulu üçün binası da hazır deyildi. Sonralar bu bina Samara şəhərində inşa edildi. Mən və İvan Qaspoloviç o illərdə ölkə sahə arxivlərinin ən çətin problemi sayılan dövlət arxivlərində elmi-texniki sənədlərlə aparılacıq işlərin əsas qaydaları barədə Moskvadan səslənən rəylərlə razılaşa bilmirdik. Moskvada fəaliyyət göstərən Elmi-Tədqiqat Sənədşunaslıq və Arxiv İşləri İnstitutu da hələlik tərəddüd edir və konkret təklif irəli sürmürdü.
Elmi-texniki sənədlər sahəsində sabiq SSRİ Baş Arxiv İdarəsində yeganə mütəxəssis sayılan A.Prokopenkovun tez-tez səslənən fikirləri isə İvan Qaspoloviçi lap təbdən çıxarmışdı. Moskva və Ukrayna sahə arxivlərinin direktorları A.Prokopenkonu müdafiə edirdilər. Artıq 1970-73-cü illərdə rəhbərlik etdiyimiz dövlət arxivində tam işlənilərək dövlət mühafizəsinə qəbul edilmiş 30-dan çox müstəqil fond, şəxsi arxiv fondları, yüzə qədər arxiv siyahısı, vahid katoloq sistemi, topoqrafiq göstəricilər, formalaşmış elmi-məlumat aparatı və s. var idi. SSRİ-nin heç bir respublikasında belə işlər aparılmamışdı. Qeyd etdiyim nailiyyətlərin qazanılmasında İvan Qaspoloviçin zəhməti göz qabağında idi. Yadımda qalan bir faktı xatırlamaq yerinə düşər. Fəaliyyətə başladığımız müddətdən heç bir il keçməmiş Moskva tərəfindən daha bir süni əngəl törədilmişdi. Sabiq SSRİ Mərkəzi Dövlət Elmi-Texniki Sənədlər Arxivinin ilk direktoru, istefada olan general Pankov (o, uzun illər Qazaxıstanın daxili işlər naziri vəzifəsində işləmişdi) Bizim Bakıdakı Ümumittifaq Neft institutlarından sənədlərin qəbuluna ciddi əhəmiyyət verdiyimizi eşidib bərk qəzəbləndi və məni "bu bağışlanılmaz səhvə görə qatı millətçi" də adlandırdı. Belə vacib sənədlərin yalnız Moskvaya verilməsi tələb olunurdu. Çox keçmədən Sovet Baş Arxiv İdarəsindən həmin sənədlərin Moskvaya verilməsi barədə rəsmi məktub da aldıq. Bakıda işə Ümumittifaq əhəmiyyətli elmi-tədqiqat və layihə institutlarının sayı 70% təşkil edirdi. Belə çıxırdı ki, Azərbaycan Mərkəzi Dövlət Elmi-Texniki Sənədlər Arxivinin yaradılmasına heç bir lüzum yoxdur.
İvan Qaspoloviç sübut etdi ki, neft sənayesinin inkişafı ilə bağlı Bakıda faəliyyət göstərən ümumittifaq əhəmiyyətli institutlardan hələ 20-ci illərdən bəri toplanılmış sənədlərin çox nadir olmaları ilə yanaşı, həm də respublikanın aparıcı iqtisadiyyatı ilə əlaqədar olduğundan ilk növbədə Azərbaycanın zəngin tarixi mənbəyidir və buna görə də Bakıdan kənara aparıla bilməz. Az müddət sonra Moskvada inşası nəzərdə tutulan arxiv binası düyünə düşdüyündən hər şey Azərbaycanın xeyrinə həll olundu. Bu gün vaxtilə dünya şöhrəti qazanmış neft institutlarımızın artıq bizim arxivdə toplanılmış nadir və çoxsaylı sənədləri vərəqlərkən yenə də İvan Qaspoloviçin zəhməti gözüm önündə canlanır.
Mən, İvan Qaspoloviçlə birgə hazırladığımız məruzə ilə 1977-ci ilin fevralında və 1978-ci ilin aprelində Moskvada iki dəfə çıxış etdim. SSRİ Nazirlər Soveti yanında sabiq Baş Arxiv İdarəsində A.Prokopenko tərəfdarlarının deyil, bizim təkliflərimiz bəyənildi və ölkədə yayıldı.
... Bu zəhmətkeş insan illər ərzində daim sınıq oturacaqa əyləşər, sınıq masada işlərdi. Əlimdə çəkic-mişar hey İvanın masasını və stulunu bərkidərdim ki, yıxılmasın. Həmin illərdə elə mən özüm də belə vəziyyətdə idim...
İvan Qaspoloviç yalnız gürcü xalqının deyil, eyni zamanda xalqımızın oğlu idi. Buradaca incə bir mətləbə toxunmaq istəyirəm. Millətimizin dərin adət və ənənələrinin mənimsəlməsinə o, xüsusi maraq göstərirdi. İvan Qaspoloviç Azərbaycanın süfrə açmaq, xörək bişirmək qaydalarını, qonaq qarşılamaq adətlərini dəftərçəsində qeyd edərdi.
Hər ikimizin subaylıq illərində rastlaşdığımız iki faktı da yada salım: 60-cı illərin sonunda respublika arxivlərinin və arxiv idarəsinin indiki əsas binaya köçürülməsindən sonra əmək intizamına ciddi diqqət yetirilirdi. Ayrılmış fasilənin bir dəqiqəsini də gecikmək olmazdı. Tələm-tələsik yaxınlıqdakı mənzilimə qalxıb qida mənbəyi axtardım. Dünəndən qalma beş iri pomidoru günəbaxan yağında qızartmağa başlayanda, bizə qalxan İvan Qaspoloviç də məndən yemək istədi. Tələbəlik günlərimdən söhbət aça-aça pomidorları qızardıb sadə süfrə açdım. İvan Qasiyev razılıqla mənə baxıb dedi: - De görüm, bu dadlı xörəyin adı nə idi? - Bakı pomidorunun sadəcə günəbaxan yağında qızartması - dedim.
-Qoy bütün avropalılar, rusiyalılar Bakıya gəlsinlər və görsünlər ki, bu millətin adətlərində nə böyük dərinliklər var imiş.
Bir gün oğlu Vadimlə süfrəyə qonaq olan İvan soruşdu:
- Şahsuvar, səndən bir xahişim də var. Bu yemək bişirmək qaydalarını yaxşı-yaxşı mənə başa sal, qoy bizim də ağzımız dada gəlsin... Bircə şeyi anlaya bilmirəm, bu keşniş göyərtisini hər ikimiz mərkəzi bazardan aldığımız halda, nə üçün sizdəki göyərti dadlı, bizdəki isə acı olur? Ona görə ki, - deyə cavab verdim - sən həmişə bazardan keşniş əvəzinə petruşka (cəfəri) alırsan. İvan mənim bu sözümdən də incimədi və cib dəftərçəsində keşnişlə cəfərinin fərqini qeyd etdi...

Şahsuvar Haşımov,
Elm və Texnika Sənədləri arxivinin direktoru