Maqomedali Maqomedov yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkür edib Hadisə

Maqomedali Maqomedov yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkür edib

Rusiya Federasiyasının Əmək Qəhrəmanı, Dağıstan Respublikası Dövlət Şurasının Fəxri sədri Maqomedali Maqomedov yüksək mükafat - “Dostluq” ordeni ilə təltif edildiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
“RİA Dağıstan” informasiya agentliyi Maqomedali Maqomedovun məktubunu təqdim edir. Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Mənə şərəfləndirdiyinizə - Azərbaycan Respublikasının yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif etdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Mən bütün ictimai-siyasi fəaliyyətim dövründə Dağıstan və Azərbaycan xalqları, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında ənənəvi qardaşlığın və dostluğun möhkəmləndirilməsi üçün var qüvvəmlə çalışmışam.
Mənə Sizin dahi atanız, yeni Azərbaycanın banisi və ümummilli lideri Heydər Əliyevlə işləmək və dostluq etmək xoşbəxtliyi nəsib olub.
Siz onun işlərini layiqincə və uğurla davam etdirirsiniz. Əməksevər Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənin sosial-iqtisadi və siyasi inkişafında böyük uğurlar qazanıb.
Siz Rusiya Federasiyası ilə dostluğun möhkəmləndirilməsinə yönəlmiş siyasətiniz və fəaliyyətiniz ilə öz xalqınızın, dağıstanlıların və rusiyalıların nəzərində böyük nüfuz qazanmısınız.
Hörmətli İlham Heydər oğlu, Sizə və Azərbaycan xalqına daha böyük müvəffəqiyyətlər arzu edirəm”.