"Məsuliyyətsizliyimiz yoluxma və ölüm sayının artmasına gətirib çıxara bilər" Hadisə

"Məsuliyyətsizliyimiz yoluxma və ölüm sayının artmasına gətirib çıxara bilər"

Azərbaycanda xüsusi karantin rejiminin uzadılması, iki həftəlik ciddi karantin rejiminin tətbiq edilməsi koronavirusun hələ də qalma təhlükəsindən xəbər verir.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Xatırladaq ki, ciddi karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək tətbiq ediləcək. Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Hazırda yoluxanların sayı 11 mini, ölənlərin sayı isə 130-u keçib.
R.Alıyev qeyd edib ki, vətəndaşlarımız koronavirus pandemiyasının mövcudluğunu şübhə altına almamalıdırlar, virusun hər gün dünyadan yüzlərlə insanın həyatına son qoyması faktını ciddi qəbul etməlidirlər: "Dünyanı ağuşuna alan və insanların kabusuna çevrilən bir pandemiya ilə mübarizənin intensivləşdiyi, sürətləndiyi dönəmdə bu prosesə laqeyid yanaşmağımız sonda ölümlə nəticələnə bilər. Hökumətin koronavirusla mübarizə ilə bağlı həyata keçirdiyi tədbirlərə, tətbiq etdiyi qadağalara riayət etməklə həyatımızı qoruya bilərik. Bizdən yalnız məsuliyyət tələb olunur, mübarizəni birgə aparmaılıq".
Ekspert onu da bildirib ki, karantin rejiminin tələblərinə riayət etməklə təkcə özümüzü yox, yaxınlarımızı və ətrafımızı, bütünlükdə cəmiyyətimnizi qorumuş olarıq: "Həyat bizi imtahana çəkib. Azərbaycan digər ölkələrlə müqayisədə virusla mübarizə sahəsində əhəmiyyət kəsb edən nəticələr əldə edib. Bunu qoruyub saxlamalıyıq. Məsuliyyətsizliyimiz yoluxma və ölüm sayının artmasına gətirib çıxara bilər".
Cavid