Azərbaycanın ekoturizm potensialının təbliğinə həsr edilmiş layihənin icrası başlayıb Hadisə

Azərbaycanın ekoturizm potensialının təbliğinə həsr edilmiş layihənin icrası başlayıb

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra etməyə başlayıb. "İki sahil" xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir.

Artıq layihə çərçivəsində “Yenimedia.info” saytı ekspertlərlə müsahibələr, şərh yazıları və xəbərlərin yerləşdirilməsi üçün təkmilləşdirilib, dizaynı, domen və hostinqi yenilənib.

Layihə çərçivəsində eksklüziv olaraq ekspertlərlə sırf ekoturizmin inkişafı ilə bağlı müsahibələr, eləcə də şərh yazıları adıçəkilən sayt vasitəsilə işıqlandırılacaqdır. Bundan başqa, ekoturizmin təbliğinə aid ən optimal hesab olunan ekspert təkliflərindən ibarət 300 nüsxəlik rəngli kitabçanın çapı, müvafiq dövlət qurumlarına, ekspertlərə, QHT-lərə, xaricdə yaşayan diaspor nümayəndələrinə paylanması nəzərdə tutulur.