“Xocalıya görə 39 nəfər istintaqa cəlb ediləcək” Hadisə

“Xocalıya görə 39 nəfər istintaqa cəlb ediləcək”

Hərbi prokurorluq müvafiq qərar qəbul edib

"1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımla əlaqədar 39 nəfərin istintaqa cəlb olunmasına dair qərar qəbul olunub".
Bunu Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilən tədbirdə Respublikanın hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, barəsində cinayət işi açılan yalnız ermənilər deyil, həmin dövrdə SSRİ-yə məxsus 366 alayının komandir və zabit heyəti də var: "İstintaq beynəlxalq qanunlara uyğun aparılır. Hərbi Prokurorluq 1988-ci ildən ermənilər tərəfindən Azərbaycana qarşı aparılmış işğalçı və soyğunçuluq, terorçuluq faktlarına dair də istintaq işləri aparır. Bura ermənilərin Xocalı, Meşəli, Qaradağlı və digər yaşayış məntəqələrində və müxtəlif yerlərdə həyata keçirdikləri terror hadisələri daxildir".
X. Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq 2 089 nəfərin bu hadisələrin törədilməsində iştirakını müəyyənləşdirilib. O, əlavə edib ki, Hərbi Prokurorluq hökumətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti zamanı dəyən ziyanın hesablanması üzrə Qiymətləndirmə Cəmiyyəti tərəfindən aparılan araşdırmadan sonra bir sıra istintaq tədbirləri də həyata keçirəcək.