“Azərbaycanın milli ideologiyasını inkişaf etdirmək çox önəmlidir” Hadisə

“Azərbaycanın milli ideologiyasını inkişaf etdirmək çox önəmlidir”

Azərbaycançılıq ideyasını xaricdə müxtəlif sahələrdə çalışan soydaşlarımız öz fəaliyyətlərində təbliğ edirlər. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmalarını davam etdirir.

Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində İsveçdə yaşayan azərbaycanlı rəssam Reyhan Əliyeva “YeniMedia”ya öz fikirlərini bildirib.
Xatırladaq ki, Əliyeva Reyhan Fərman qızı 1958-ci il mart ayının 31-də Bakının Əmircan kəndində, Əliyev Fərman Kərim oğlunun və Paşayeva Səkinə İbrahiməjdər qızının ailəsində anadan olub. Orta təhsilini kənddəki 84 və 226 №-li məktəblərdə almışdır. Bir il Dzerjinski adına zavodda (indiki Suraxanı Maşınqayırma Zavodu TASC) çalışdıqdan sonra 1976-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinə daxil olub. Məktəbi yaxşı qiymətlərlə bitirib təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmək üçün göndəriş alır. Amma o vaxt bacısı Moskva Dövlət Universitetində oxuduğundan valideynləri ikinci qızlarının da Azərbaycandan kənarda təhsil almasına icazə vermirlər. Reyhan Əliyeva sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna, (indiki ADMİU) verir və qəbul imtahanlarını müvəffəqiyyətlə keçərək Rəssamlıq fakültəsinin Sənaye Qrafikası şöbəsinə qəbul olunur, 1985-ci ildə institutu bitirir. Həmin il də SSRİ Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinə qəbul edilir. Müxtəlif sərgilərdə və müsabiqələrdə iştirak edir. 1987-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilir. 1991 – 1995-ci illərdə İncəsənət İnstitutunda müəllim, 1995 – 2002-ci illərdə isə indiki Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Evində dərnək rəhbəri vəzifələrində çalışıb. Hələ tələbəlik illərində ailə quran Reyhan Əliyevanın bir oğlu və 3 nəvəsi var.
O deyib ki, dünya azərbaycanlılarının bir araya gəlməsi üçün hər şeydən əvvəl, əqidə, ideya birliyi olmalıdır: “Bu, real birliyə aparan başlıca yoldur. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə ehtiyac var. Azərbaycanın milli ideologiyasını inkişaf etdirmək çox önəmlidir, yəni milli adət-ənənəni qoruyub saxlamaq, inkişaf etdirmək, soy kökü dərindən öyrənmək lazımdır, bu çox vacibdir”.
Onun fikrincə, dünya azərbaycanlıları azərbaycançılıq ideyasına zəif bağlanıb: ” Yer kürəsində 50 milyon azərbaycanlı yayılıb ki, bu da inteqrasiya edilmiş azərbaycanlılardırlar. Bunlar getdikcə milliliyini itirir, yəni assimilasiya edərək, yaşadıqları yabançı adət-ənənələri qəbul edir, yerlərə uyğunlaşırlar. Buna görə də ayrı-ayrı şəhərlərdə yaşayan azərbaycanlılar arasında birlik zəifləyir”.
Reyhan Əliyeva özü Azərbaycana,Vətənə bağlı olduğunu dedi: “Vətənim, doğma Əmircan kəndim, əzizlərim, sevimli dostlarım üçün darıxıram. Hərçənd ki, indi virtual görüşmələrimiz tez-tez olur, amma Vətən sevgisi mənim üçün müqəddəs bir hissdir.
Ona görə mənim hər zaman əsas işim, planım İsveçdə Azərbaycanı tanıtımaqdır. Eyni zamanda əsərlərimdə azərbaycançılığı çalışıram yaşadım”.
O deyib ki, azərbaycançılıq ideologiyasının təbliğinə çox böyük ehtiyac var: “Əsas da ideologiyanı vətəndə yeni ən gənc nəsil arasında möhkəmlədmək lazımdır. Ümumiyyətlə, harada yaşamağından asılı olmayaraq azərbaycanlı gənclərə Vətənə məhəbbət hissləri daha dərindən aşılanmalıdır. Güclü təbliğat aparılarsa, əlbəttə xaricdə yaşayan azərbaycanlıların torpağa, Vətənə bağlılığı daha da möhkəmlənır”.