Mərhəmət və həmrəylik ayı Hadisə

Mərhəmət və həmrəylik ayı

Günahsız insanların həyatlarını təhlükəyə ata biləcək əməllər dinizimizdə də qəbul edilmir

COVİD-19 təhlükəsi hər birimizin həyatını dəyişib, təkcə məişətimizə deyil, mənəvi dünyamıza da öz təsirini göstərib. Özümüzü, doğmalarımızı, lap elə tanımadığımız insanları qorumaq üçün sevimli işimizdən, məşğuliyyətimizdən, gündəlik maddi və mənəvi təlabatlarımızdan vaz keçmək, arzu və istəklərimizlə məsafə saxlamaq məcburiyyətində qalmışıq. Koronavirusun öz ilə bərabər gətirdiyi reallıqlar gündəlik yaşamımızın alışdığımız gerçəkliklərini, həyatımızın və hətta hisslərimizin, duyğularımızın rəngini də dəyişib. “Maska tax”, “məsafə saxla”, “sanitariya qaydalarına əməl et” – hər gün eşitdiyimiz bü sözlər bizi bəzən qıcıqlandırsa da, narahat etsə də, virusa yoluxmaq təhlükəsi hər birimizə qaydalara əməl etməkdən başqa seçim, yol qoymayıb.
İnsan sosial varlıqdı, şübhəsiz, mənəvi tələbatları var. Canlı ünsiyyətdə olmaq, doğmalarına, yaxınlarına sarılmaq, eyni düşüncəni, dəyərləri bölüşən insanlarla çiyin-çiyinə dayanmaq və bundan müsbət enerji almaq, mənəvi tələbatını ödəmək, iç dünyasını qidalandırmaq istəyir. Dini ayinlərə əməl edən, bununla rahatlıq tapan, həyatının düzənini Allaha tapınmaq üzərundə quran həmvətənlərimiz, soydaşlarımız da həmçinin... yaşadığımız zaman kəsiyini qorxulu yuxuya çevirən COVİD-19 dönəmini bir anda adlamağı arzulayırlar. Amma təəssüf ki, hər şey bizim arzu və istəklərimizdən asılı deyil...
Son günlər sosial şəbəkələrdə məscidlərin açılması, dini ayinlərin icrasına icazə verilməsi ilə bağlı aparılan müzakirələrin, müəyyən bir qismi də, çox güman ki, məhz bu, hələlik gerçəkləşməsi mümkün olmayan istəklərdən qaynaqlanır. İnsanların saf, təmiz arzularından öz məqsədləri üçün yararlanmağa çalışanlar isə hər zaman olub və olacaq. Belələrinə xüsusi vaxt ayırmaq niyyətində olmasam da, məqsədyönlü şəkildə müxtəlif ölkələrdən gətirdikləri qondarma nümunələrlə öz iddialarını arqumentləşdirmək cəhdlərinə faktlarla cavab verməyə calışacağam:
Beləliklə, koronavirusa yoluxanların sayına görə dünyada 11-ci, ölənlərin sayına görə isə 10-cu sırada yer alan İran İslam Respublikasında mayın 8-dən etibarən, ağ şəhərlər elan olunan bölgələrdə səhiyyə protokollarına və sosial məsafəyə riayət olunmaqla cümə namazları bərpa olunub. Bu arada qeyd etməliyəm ki, hazırda İranda ölkə üzrə 31 vilayətdən 26-ı qırmızı zona elan edilib. Yəni 5 “ağ zona”dan gedir... Lakin hətta müəyyən şərtlər, qaydalar çərçivəsində bəzi ziyarətgahların açılmasına, dini ayinlərin icrasına icazə verilməsinə baxmayaraq, məhdudiyyətlərin aradan qaldırılması yoluxma və ölüm hallarının artmasına səbəb olub. Belə ki, məscidlərin açılmasından 1 ay öncə İranda koronavirusa yoluxanların sayı 104691, ölüm sayı 6541 nəfər təşkil edibdirsə, yumşalmadan 1 ay sonrakı statistika kifayət qədər vahiməli olub: 227662 yoluxma, 10817 ölüm faktı... Xatırladım ki, təqdim etdiyim statistik göstəricilər 8 aprel-8 may və 8 may-8 iyun tarixlərini əhatə edir.
Camaat namazlarında, əsasən “ağ zona” elan olunan ərazilərdə məscidlərin ümumi tutumunun 20%-nin dolmasına icazə verilən İranın Səhiyyə Nazirliyi məhərrəm ayında dini ayinlərin aşağıdakı şərtlərlə keçirilməsini tövsiyə edib:
Qaydalara əsasən, məhərrəmlik ayinləri açıq havada keçirilməli, sosial məsafə gözlənilməli, insanlar arasında 2 metr məsafə saxlanılmalı, ayinlərin icrasında kifayət qədər az adam iştirak etməli, hər bir ayin 2 saat müddətində icra olunmalıdır. Bununla yanaşı qrup halında küçələrdə yürüş, yollarda ehsan verilməsi qadağan edilib.
İranın Ali rəhbəri isə xalqa Qurban bayramı ilə bağlı müraciətində bildirib ki, məhərrəm ayında bütün ayinlər ölkənin Koronavirus ilə Mübarizə üzrə Milli Qərargahının tövsiyyələrinə uyğun həyata keçirilməlidir, əks təqdirdə “fəlakət baş verəcək”.
Həmçinin şiə təqlid mərcələrinin Birləşmiş Krallıqdakı nümayəndələri və bu ölkədəki Şiə İslam Mərkəzlərinin rəhbərləri bəyanat yayıblar. Bəyanatda koronavirusla bağlı mütəxəssislərin və həkimlərin verdiyi tövsiyələri nəzərə alaraq, mərceyi-təqlidlərin fətvalarına uyğun olaraq bu il Məhərrəm ayında əzadarlıq mərasimlərinin Ramazan ayında olduğu kimi virtual məkanda keçirilməsi və mərasimlərin sosial şəbəkələr vasitəsi ilə izlənilməsi tövsiyə olunur.
Məscidlərin açılması, dini ayinlərin icrasına icazə verilməsi digər müsəlman ölkələrində də yoluxma və ölüm saylarının artmasına səbəb olub. Məsələn, Səuduyyə Ərəbistanında məscidlər mayın 31-də açılıb. Bu qərardaın öncəki 1 ay ərzində sözügedən ölkədə COVİD-19-a yoluxanların sayı 78541, ölüm sayı 425 nəfər təşkil edib. Bir ay sonra isə by göstəricilər 190823 (yoluxma), 1649 (ölüm) nisbətində dəyişib.
Xatırladım ki, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn kimi ölkələrdə məscidlər azan vaxtından 15 dəqiqə əvvəl açılır və namazdan 10 dəqiqə sonra bağlanır. Azan və iqamə (namazın başlaması) arasında gözləmə müddəti 10 dəqiqə (əvvəllər bu müddət 20-25 dəqiqə idi) olaraq müəyyənləşdirilir. Azanın oxunmasından namazın qurtarmasına qədər olan müddət ərzində məscidlərin qapı və pəncərələri açıq olmalıdır. Məsciddə mövcud olan Qurani-Kərim kitablarının, dini ədəbiyyatın, (su şüşələri və xurmanın saxlanıldığı) soyuducuların, dispenserlərin, habelə müxtəlif növ ətirlərin və digər ləvazimatların istifadəsi müvəqqəti olaraq qadağan olunur. İbadət edənlər arasında məsafə 2 metr olaraq müəyyən edilir, iki cərgənin arasında boş cərgə saxlanılır. Cümə namazlarında xütbə və namazın ümumi müddəti 15 dəqiqədən artıq olmamalıdır. Məscidlərin daxilində dini dərslər, moizələr və mühazirələr növbəti elan verilənədək dayandırılır. Məscidlərə girərkən qoruyucu maskadan istifadə etmək vacibdir. İbadətə gələnlər namaz xalçasını özləri ilə evdən gətirməlidirlər. Məscidlərə yaşı 15-dən aşağı olan şəxslərin daxil olmasına icazə verilmir və ibadət üçün dəstəmazın evdə alınması tövsiyə edilir.
Misir Ərəb Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində, Mərakeşdə isə cümə namazlarına ümumiyyətlə icazə verilmir.
Qeyd edim ki, məscidlərin açıldığı bütün ölkələrdə yoluxma və ölüm halları yumşalmadan öncəki göstəricilərlə müqayisədə kifayət qədər yüksək olub. Bu isə verilən qərarların riskli olduğunu sübuta yetirir.
Son olaraq, bir məqama da diqqət çəkmək istəyirəm: Qurani-kərimin “Bəqərə” surəsində Allah-Təala Peyğəmbərimizə xitabən: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam”, – buyurur. Qəlbində Allah sevgisi olan insan üçün bu sevgini harada, hansı şərtlər daxilində ifadə etməsi, xüsusilə də indiki şəraitdə mühüm əhəmiyyət daşımır. Çünki Allah bizə “Qaf” surəsində buyurduğu kimi şah damarımızdan da yaxındır.

Son söz əvəzi

Müsəlmanların bərabərliyi, qardaşlığı, həmrəyliyi isə İslamın təməl fəlsəfəsinin sütunlarından biri və bəlkə də birincisidir. Məhz bu amil İslam dininin ən müxtəlif mədəniyyətlərin mövcud olduğu ərazilərdə yayılmasında, fərqli irqlərin, millətlərin nümayəndələrinin eyni əqidə, eyni amal ətrafında birləşməsində müstəsna rol oynayıb. Əsl qardaşlıq, birlik, bərabərlik isə özünü çətin günlərdə, sınaq anlarında daha qabarıq büruzə verir. İslam sözdə deyil, əməldə birliyi təşviq edir və bu səbəbdən, Yaradana iman gətirən hər bir Allah bəndəsinin, hər bir müsəlmanın borcu özü və doğmaları ilə bərabər başqalarının da qayğısına qalmaqdan ibarətdir. Müqəddəs Qurani-Kərimin Hucurət surəsində deyilir: “Həqiqətən də möminlər (dində) qardaşdırlar...” Bütün bəşəriyyətin, o cümlədən İslam dünyasının ölümcül COVİD-19 virusu ilə mübarizə apardığı bir zamanda müqəddəs dinizimin birlik, bərabərlik, həmrəylik çağırışları bu ağır sınaqdan daha az ziyanla çıxmaq üçün yeganə çıxış yoludur. Bu baxımdan, dini ayinlərimizə əməl etməklə yanaşı, müsəlman qardaş və bacılarımızın sağlamlığını, həyatlarını qorumaq, mərhəmətli olmaq hər bir müsəlmanın şərəfli vəzifəsidir.
Məlum olduğu kimi, bir neçə gündən sonra Məhərrəm ayı başlayacaq. Bütün dünyada olduğu kimi Azərbaycanda da öz əqidəsi uğrunda zülmə, istibdada qarşı sonadək mübarizə aparan, ölüm təhlükəsi qarşısında belə seçdiyi yola sadiq qalan İslam şəhidləri sayğıyla anılacaq. Belə bir zaman kəsiyində dini ayinlərin kütləvi şəkildə icra edilməsi, kütləvi tədbirlərin keçirilməsi xəstəliyin sürətlə yayılmasına səbəb ola, bizi indikindən dah çətin sınaq qarşısında qoya bilər.
Xəstəliyin yayıldığı dövrdə hansısa din ayinlərin təşkili təkcə hüquqi baxımdan məsuliyyət yaratmır, günahsız insanların həyatlarını təhlükəyə ata biləcək əməllər dinizimizdə də qəbul edilmir. Bu səbəbdən, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə Məhərrəm ayının dini mərasim və ayinlərinin xüsusi şəraitdə qeyd olunması, xüsusi karantin rejiminin tələblərinə və sanitariya qaydalarına əməl edilməsi vacibdir.
Ümid edirəm ki, təmizliyi, saflığı, mərhəməti təşviq edən bir dinin təmsilçiləri kimi, Məhərrəm ayında da təmkinli davranacaq, bir-birimizə qarşı sevgimizlə, mərhəmətimizlə, səbrimizlə bütün bütün sınaqlardan üzüağ çıxacağıq!
Allah dualarınızı qəbul eləsin!

Elçin Mirzəbəyli