“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin vəzifəli şəxsi 73 min manatlıq mənimsəmədə günahlandırılır Hadisə

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin vəzifəli şəxsi 73 min manatlıq mənimsəmədə günahlandırılır

Respublikamızın bəzi regionlarında meliorasiya və su təsərrüfatı sahəsində son dövrlərdə yaranmış problemlərin aradan qaldırılması, əhalinin su təchizatının daha da yaxşılaşdırılması üçün proqram xarakterli ardıcıl tədbirlər görülməkdədir.

Qeyd edilən bu strateji sahənin normal fəaliyyətinə maneə törədən faktorların müəyyən edilərək aradan qaldırılması istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Azərbaycan Respublikası “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin müdiri işləmiş Pənahov Rövşən Pənah oğlunun həmin idarənin çilingəri və sürücüsünün əmək stajı hesablanmaqla işə gəlməmələrinə şərait yaratması müqabilində onların əmək haqqı kartlarını alıb özündə saxlamaqla karta mədaxil olunan pul vəsaitini hər ay nağdlaşdıraraq 2017-ci ildən 2020-ci ilə kimi olan müddətdə 10 min 239 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşib.

Bundan başqa, Rövşən Pənahovun həmin vəzifədə işləyərkən şəxsən və digər şəxslərin vasitəsi ilə 2017-2019-cu illər ərzində idarənin işçisi kimi rəsmiləşdirilmiş digər şəxslərin adına açılmış əmək haqqı kartlarından pul vəsaitini hər ay nağdlaşdırmaqla 36 min 980 manat, habelə idarəyə rəhbərlik etdiyi 2009-2019-cu illər ərzində idarənin balansında olan nəqliyyat vasitələrinin xidməti istifadəsi üçün verilən yanacağın bir hissəsini yanacaq doldurma məntəqəsinə sataraq 36 min manat olmaqla, ümumilikdə 72 min 980 manat məbləğində dövlət əmlakını mənimsəməsinə də əsaslı şübhələr yaranıb.

Qeyd edilən xüsusatlarla əlaqədar olaraq, Baş İdarədə fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 311.3.2 ( təkrar rüşvət alma) və 311.3.3-cü maddələri ilə (külli miqdarda rüşvət alma) cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların ətraflı yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.