Bakıda yeni yerüstü piyada keçidi istifadəyə verildi - FOTO Hadisə

Bakıda yeni yerüstü piyada keçidi istifadəyə verildi - FOTO

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidi inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, agentliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirilib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib.

Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılmışdır.

Keçid 3 dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulmuşdur. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilmişdir.

Qeyd edək ki, sözügedən piyada keçidi Bakı şəhərində cari ildə inşa olunan sayca 4-cüsüdür. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada keçidləri inşa edilib.