Ukraynada öldürülən azərbaycanlı iş adamının meyiti Azərbaycana gətirilib Hadisə

Ukraynada öldürülən azərbaycanlı iş adamının meyiti Azərbaycana gətirilib

Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində öldürülən və separatçıların nəzarəti altında olan Şaxtyorsk rayonunda dəfn olunan Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımovun nəşi Azərbaycana gətirilib.
R. Qasımovun qardaşı, Krasnıy Luç Azərbaycan Cəmiyyətinin sədri Rəşid Qasımov APA-ya açıqlamasında bildirib ki, mərhumun meyiti uzun danışıqlardan sonra oktyabrın 29-da silahlıların nəzarətində olan ərazidə qəbirdən çıxarılaraq Azərbaycana gətirilib. O qeyd edib ki, qardaşının meyitinin qalıqları doğulduqları Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub. Qeyd edək ki, R. Qasımov bu ilin avqustun 4-də axşam saatlarında silahlıların onun evinə basqını zamanı öldürülüb. Onun qardaşları ilə birgə Luqansk vilayətində iri fermer təsərrüfatı olub və Krasnıy Luçda Azərbaycan Cəmiyyətini yaradıblar.