BŞİH ilə Nəqliyyat Nazirliyi arasında “parkomat davası” Hadisə

BŞİH ilə Nəqliyyat Nazirliyi arasında “parkomat davası”

Nəqliyyat Nazirliyi nəqliyyatda yaranmış problemlərə görə meriyanı suçlayıb

Bakı Şəhər İcra Hakimiyyətinin idarə rəisi: "Danışırlar e, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur, Nəqliyyat Nazirliyi öz işi ilə məşğul olsa, yaxşıdır"

Paromatlar tıxac problemindən əziyyət çəkən paytaxtımıza rahatlıq gətirmədi. Ona görə yox ki, yenə Bakının küçələrində kim avtomobilin necə gəldi, harda gəldi saxlayır. Xeyr! Ona görə ki, vaxtilə qanunsuz müvəqqəti duracaqlardan yığılan və kimlərinsə cibinə axan böyük pullar hələ də iştah gətirir, bu sahəyə nəzarət uğrunda "balaca olmayan adamların" nüfuz savaşı gedir.
Maraqlıdır ki, Nəqliyyat Nazirliyi hökumətin paytaxtda tıxaclarla bağlı ciddi narahatlığından istifadə edərək, parkomatlara nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin yaxasını buraxmır. Belə ki, Nəqliyyat Nazirliyi rəsmisi bəyan edib ki, paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov nəqliyyatda yaranmış problemlərə görə meriyanı suçlayıb: "Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir".
Ə.Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub. O, deyib ki, yaxın zamanda Bakı şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin müvafiq qurumu və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirələr aparılacaq. Paytaxtda parklanma aparılması üçün nəzərdə tutulmuş ərazilərin siyahısının Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunduğunu deyən rəis müavini bildirib ki, avtobus dayanacağı ilə qurğuların ara məsafəsi 40-50 metr göstərilsə də, parkomatlar dayanacaqlardan 5-6 metr məsafədə qoyulub. Bu açıqlama həm də onu göstərir ki, mer Nəqliyyat Nazirliyindən gələn göstərişlərə əməl etmir.
Hacıbala Abutalıbovun Nəqliyyat Nazirliyinə cavabı gecikmədi.
Nəqliyyat Nazirliyi rəsmilərinin parkomatlarla bağlı ittihamlarına cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev kəskin cavab verib: "Danışırlar, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur".
İdarə rəisi bildirib ki, Nəqliyyat Nazirliyinə tabe qurumların nümayəndələrinin onların ünvanına səsləndirdikləri paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatların nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməsi, taksilərə parklanmaya imkan verilməməsi, parkomatlarla avtobus dayanacaqları arasında məsafənin az qoyulması kimi ittihamları qəbul etmir: "Danışırlar e, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur. Hamının fikir söyləməyə hüququ var. Amma sözü deyəndə fikirləşmək lazımdır. Axı parkomatın onlara nə aidiyyəti var? Gəlin, çıxaq şəhərə, görək taksilər harada dayanır? Taksilərin əksəriyyəti onlar üçün yol nişanı olmayan yerlərdə dayanırlar. Axı taksi hər yerdə dayana bilməz. Heç 800 metr uzunluğunda da taksi ərazisi olar? Görmüşük ki, taksi ərazisində 7-8 avtomobil olar, çox olmaz ki. Hətta taksilərin saxladığı yerlər parkomatın quraşdırıldığı əraziyə düşəndə də biz taksi nişanına kimi məsafədə onlardan ödəniş götürmürük".
Avtobus dayanacaqlarına gəlincə, H.Abdullayev qeyd edib ki, onlara yaxın ərazilərdə parkomatlar yoxdur: "Bir-iki mübahisə doğuran yer ola bilər ki, o da müzakirə oluna bilər. Qanunvericilikdə göstərilir, avtobus dayanacaqları yalnız avtobuslar və ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Təbii ki, parkomat qanundan daha üstün ola bilməz. Əgər avtobus dayanacaqları parkomatların quraşdırıldığı ərazidə yerləşirsə, bu zaman parkomatlarla bağlı qaydalar yox, "Yol hərəkəti haqqında" Qanunun müddəaları əsas götürülür. Qanunu bilməmək isə avtomobil sahiblərini və sürücüləri məsuliyyətdən azad etmir. Əgər sürücü parkomatda pul ödəyib, sonra avtomobilini avtobus dayanacağında saxlayırsa, bunun bizə nə aidiyyəti var? Təbii ki, dövlət yol polisi gəlib onu cərimə edəcək. İnsanlar qanunu bilməlidirlər. Sürücü avtomobili səkidə və yolun ikinci cərgəsində də saxlayıb gedib parkomatda ödəniş edərək çek götürə bilər, amma bu, onu məsuliyyətdən azad etmir axı".
XTAİ-nin rəisi parkomatların ərazilərdə quraşdırılması meyarlarını da açıqlayıb: "Bəziləri deyirlər ki, məhəllələrdə də gətirib parkomat quraşdırıblar. Onların məhəllə dedikləri yerlər əslində ikinci və ya üçüncü dərəcəli yollardır. Birinci dərəcəli yollar yol arteriyaları hesab olunur və biz orada təbii ki, parkomat quraşdırırq. İkinci və üçüncü dərəcəli yollarda isə harada avtomobil sıxlığı müşahidə edilirsə, yalnız orada parkomat quraşdırılır. Axı bu vaxta kimi heç kimin həyətində parkomat quraşdırılmayıb. Biz ara küçələrdə, məsələn, Mərkəzi Univermağın yanındakı küçələrdə də parkomatlar quraşdırmışıq və orada yaşayan sakinlərə aylıq 15 manatlıq kartların alınmasını və avtomobillərini Füzuli meydanındakı yeraltı qarajda saxlamalarını təklif etmişik. Onların da çoxu gətirib saxlayır və heç bir problem də olmur. Bundan başqa, metronun "Xətai" stansiyasının arxasındakı yolda əvvəllər 2-3 cərgədə avtomobil saxlayır, süni sıxlıq və tıxac yaradırdılar. Parkomat quraşdırıldıqdan sonra indi avtomobilləri səliqə ilə yolun kənarında bir cərgədə saxlayırlar".
H.Abdullayev yol kənarlarında avtomobil sıxlığının yaranmasında yaşayış binalarını inşa edən iş adamlarının da "rolu" olduğunu deyib: "Binalar tikirlər. Bina sahibləri hətta balkonları da yaşayış sahəsinə daxil edib onun üçün ödəniş hesablayırlar. Amma orada yaşayan sakinlər üçün yeraltı avtomobil dayanacağı tikmirlər. Onda sürücülər də avtomobilləri yol kənarlarında saxlamağa məcbur olurlar. Nəticədə isə yollarda sıxlıq yaranır".
Həsən Abdullayev deyib ki, 2015-ci ilin yanvar ayından etibarən Bakıda müvəqqəti avtomobil duracaqları ilə bağlı yeni sistemin tətbiqinə başlanılacaq. İdarə rəsinin sözləriə görə, yeni sistem, demək olar ki, istifadəyə tam hazırdır. Artıq sistemin sınaqları da çoxdan başa çatıb: "Sürücülər ödənişlərini parkomatlarda nağd forma ilə yanaşı, SMS, plastik ödəmə kartları vasitəsilə də edə biləcəklər. 2015-ci ilin əvvəlindən etibarən yeni sistem tam formada işləməyə başlayacaq. Plastik kart sistemi artıq yanvar ayından istifadəyə veriləcək. SMS sistemi də təxminən yanvar-fevral ayları arasında işə düşəcəcək".
H.Abdullayev qeyd edib ki, artıq ödəmə kartlarının hazırlanması sifariş edilib: "Onları da mərhələli şəkildə, şəhərin mərkəzindən başlayaraq verəcəyik. Artıq parkomatlarda kart oxuyucu cihazlar da yerləşdirilir. Cihazlar tam quraşdırıldıqdan sonra kartlar da gəlib çıxacaq".
Qeyd edək ki, yeni sistem işə düşəcəyi təqdirdə, Bakıda sürücülər şəhərin müxtəlif yerlərində elektron lövhələr, eləcə də smartfonlara yüklənmiş xüsusi proqramlar vasitəsilə avtomobillərini saxlamaq üçün hansı müvəqqəti duracaqlarda boş yerin olduğunu əvvəlcədən öyrənə biləcəklər.
Yeri gəlmişkən, Bakıda parkomatlarla bağlı problem təkcə BŞİH ilə Nəqliyyat Nazırliyi arasında "nüfuz savaşı" ilə bitmir. Şəhərin ayrı-ayrı yerlərində quraşdırılmış parkomatlara sözün əsl məhasında səlib yürüşü təşkil edilir. Bunu edənlər kimlərdir, deyə bilmərik. Amma dövlət əmlakı olan parkomat aparatlarının eybəcər hala salınması, sındırılması əsl vandalizmdir. Təəssüf ki, son bir ay ərzində bu kimi hallara indiyədək aydınlıq gətirilməyib və xuliqanlar ifşa olunmayıb.
Bakı şəhərində pullu dayanacaqlarla bağlı DYP-nin də mövqeyi aydındır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, dayanmanı, durmanı, eləcə də parklanmanı qadağan edən ərazilərdən avtomobillərin evakuasiya edilməsi qanunun tələbi ilə tənzimlənir: "Yəni, evakuasiya edilir, yaxud avtomobilin sürücüsü barədə tədbir görülməsi üçün avtopatrul maşınlarına quraşdırılmış bort-kompüterlə fotomaterialı hazırlanaraq qabaq alın şüşəsinə yerləşdirilir. Sürücüsü yanında olarkən isə inzibati qaydada protokol tərtib edilir. Nəqliyyat vasitəsinin növündən, formasından asılı olmayaraq bu, ödənilməlidir. Dünənə qədər bir sürücü olaraq Bakı şəhər ərazisində park yerlərinin olmaması ilə əlaqədar şikayət edirdik. Bu gün isə 200-ə yaxın parkomat quraşdırılıb. Zəhmət çəkib hər birimiz parkomatlardan istifadə edək və istifadə zamanı avtomobili düzgün saxlamağı öyrənək. Eləcə də dayandığımızın saatını da ödətək".