Ermənistana sərt xəbərdarlıq Hadisə

Ermənistana sərt xəbərdarlıq

Müdafiə Nazirliyindən "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq"

"Ermənistan tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itki və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan tərəfdən səslənən bəyanatlara cavab olaraq bəyan edib.
Bəyanatda qeyd olunub ki, Ermənistanın hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir: "Öz xalqını aldadaraq provakasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır. Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır".
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 72 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyanberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çaylı, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyi həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ağdamda ermənilərə məxsus Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə monitorinq keçirəcəyi barədə məlumatlara da aydınlıq gətirərək, bunu ermənilərin növbəti yalanı və spekulyasiyası adlandırıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni tərəfi bununla beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməyi hədəfləyir. Onun sözlərinə görə, monitorinq qoşunların təmas xəttinin müəyyən olunmuş sahəsində – Ağdam rayonunun Mərzili kəndi yaxınlığında keçiriləcək və bu yer barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib.