“QMİ sədrinin bəyanatını məqsədəuyğun saymaq olar” Hadisə

“QMİ sədrinin bəyanatını məqsədəuyğun saymaq olar”

Rəsul Mirhəşimli: "Yaxın Şərqdə baş verən bu hadisələrin Azərbaycana dolayısı ilə zərəri dəyir"

"Müasir dünyamızda "Allahu əkbər!" nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər". Bunu Şeyxülislam Allahşükür Paşazadə İranda keçirilən beynəlxalq konfransda məruzəsində deyib. O, qeyd edib ki, müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirilir. "Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük".
Buna münasibət bildirən ilahiyyatçı Rəsul Mirhəşimli diqqətə çatdırdı ki, Yaxın Şərqdə baş verən bu hadisələrin Azərbaycana dolayısı ilə zərəri dəyir: "Hamıya məlumdur ki, radikal düşüncəli azərbaycanlı müsəlmanların da bir qismi İŞİD-in tərkibində döyüşür. Bu baxımdan QMİ sədrinin bəyanatını məqsədəuyğun saymaq olar. Qafqaz Müsəlmanaları İdarəsi də dinin gerçək mahiyyətini təbliğ etmək üçün bir çox işlər görə bilər. Bu idarənin tərkibində çalışan insanların dini bilik və intellektuallarına bələd olduğum üçün deyə bilərəm ki, QMİ-nin buna potensialı var. Dini maarifləndirmə genişləndikcə radikal düşüncələrə də yer qalmır. Əgər Allah haram aylarda müharibələri qadağan edirsə, Yaxın Şərqdə baş verən hadisələrin də İslamla heç bir bağlılığı yoxdur. Bu məsələyə də ölkə müsəlmanları xüsusi diqqətlə yanaşmalıdırlar".

Əli