Baş Prokurorluqdan Rafiq Tağı açıqlaması Hadisə

Baş Prokurorluqdan Rafiq Tağı açıqlaması

"Zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaq"

Noyabrın 25-də Baş Prokurorluq "Media forum" saytının yazıçı-publisist Rafiq Tağının qətli üzrə sorğusunu cavablandırıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun göndərdiyi cavabda deyilir:
- Əvvəllər də məlumat verildiyi kimi, 19 noyabr 2011-ci ildə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İbtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb. Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.
Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaq.