Ermənilər qızıl yataqlarımızı talan edirlər Hadisə

Ermənilər qızıl yataqlarımızı talan edirlər

Faiq İsmayılov: "Azərbaycan qızılı Ermənistanın büdcəsinə hər il 73,5 milyon dollar gəlir gətirir"

"Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ problemi çözülmədikcə, işğal altındakı Azərbaycan torpaqlarının bütün növdən olan təbii sərvətləri xarici şirkətlər tərəfindən talan edilərək ərazidən çıxarılır". Bu barədə Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov mətbuata bildirib.
Onun sözlərinə görə, səbəbsiz deyil ki, Ermənistan qızıl ixracına görə dünyada öncül yerlərdən birini tutur: "Halbuki Ermənistan hökuməti öz əraisindəki qızıl mədənlərindən, qızıl çıxarılmasına qəti qadağa qoyub. Qızıl istehsalı yalnız Azərbaycanın işğal olunmuş ərazilərindəki ehtiyatı 155 ton olan Zod, Mehridərə, Tərtərçay, Kəlbəcər, Mərcanlı, Səfi-Binə, Lic və digər mədənlərindən çıxarılıb Ermənistana daşınır.
Ermənistanın "Hetq" jurnalının 10 aprel 2014-cü il sayında verilən məlumata görə, Ermənistanın qızıl ixracı 2009-cu ilə nisbətən 1,5 ton artıb.
Ermənistan 2011-ci ildən etibarən stabil olaraq hər il 2,5 ton qızıl satır. 2013-cü ildə bu rəqəm Ermənistanın tarixində rekord həddə - 2,7 tona çatıb. Qızılın hər kiloqramı 27,2 min dollar hesab etsək, onda Ermənistanın qızıldan gələn illik gəliri 73,5 milyon dollar təşkil edir".
Ekspert qeyd edib ki, dəqiq rəqəmlər göstərilməsə də, statistik məlumatlara görə, Ermənistan eyni zamanda qızıl tozu da ixrac edir. Mütəxəsislərin rəyinə görə, qızıl tozunun tərkibi 70% qızıl, 30% isə gümüşdən ibarətdir: "Azərbaycan ərazilərindən Ermənistanın Ararat qızıl emalı fabrikinə daşınıb orada emal olunan qızıl filizlərinin əsas ixracatçısı "GeoProMining Gold" şirkətidir. Şirkətin istehsal etdiyi qızılın 90%-i Kanadaya ixrac edilir və Britaniyanın "Johnson Matthey" şirkəti tərəfindən London birjası vasitəsi ilə satışa çıxarılır. "GeoProMining Gold" Səhmdar cəmiyyəti Cayman adasında fəaliyyət göstərən "Frast Daytsi Arm.Lim Mines" şirkəti vasitəsi ilə Ermənistandan ixrac olunan qızıl tozu böyük olmayan partiyalarla Türkiyə və İtaliyaya satır.
Bütün bunlar Ermənistan tərəfindən təsdiq edilən statistik məlumatlardır. Ermənistanın qızıl tacirləri və oliqarxları tərəfindən qara bazara çıxarılan qızılın çəkisi təqribən rəsmi qaydada istehsal olunan rəqəmlərə bərabərdir. Hər kəsə məlumdur ki, 2000 – 2008-ci illərdə erməni qızıl tacirləri dəfələrlə Rusiyanın Maqadan ərazisindən qeyri-qanuni yollarla əldə etdikləri qızılı böyük partiyalarla Ermənistana apararkən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən ifşa olunublar. Bu baxımdan erməni qızıl maqnatları üçün nəzarətsiz qalan işğal altındakı Azərbaycan əraziləri olduqca sərfəli və təhlükəsizdir.
20 ildir Azərbaycan qızılı Ermənistanın büdcəsinə hər il 73,5 milyon dollar gəlir gətirir".