Azərbaycanın yol kabusu Hadisə

Azərbaycanın yol kabusu

Kamran Əliyev: "Azərbaycanda istismar müddəti 30-35 ildən çox olan 105 minə yaxın nəqliyyat vasitəsi var"

"Azərbaycanda istismar müddəti 30-35 ildən çox olan 105 minə yaxın nəqliyyat vasitəsi var. Bu avtomobillər demək olar ki, üstü bəzənmiş paslı konserv qutusu kimi bir şeydir. Onlar insanların taleyi üçün əməlli-başlı təhlükədir". Bunu "Trend"ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisinin sözlərinə görə, hazırda Baş Dövlət Yol Polisi İdarəsində ciddi narahatlıq doğuran problemlərdən biri hələ də ölkədə köhnə, uzun müddət istismarda olan nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməsidir. Ona görə də Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının artmasının qarşısını almaq üçün istismar müddəti bitən avtomobillərin istifadəsinin qadağan edilməsini vacib sayır: "Belə ki, həmin avtomobillərin mexaniki hissələrinin saz vəziyyətdə olmasına baxmayaraq, hər hansı qəza zamanı bu cür nəqliyyat vasitələrində insanların xəsarət alması və bir çox hallarda qəzanın ölümlə nəticələnməsi bizi çox narahat edir. Bu da həmin nəqliyyat vasitələrinin metalının artıq daxildən korroziyaya uğraması, toqquşma zamanı avtomobilin zərbəyədavamlılığını itirməsi səbəbindən baş verir. Bu gün heç kəs köhnə avtomobilindən əl çəkmək istəmir. Lakin insan ölümü ilə nəticələnən yol qəzalarının əksəriyyəti məhz istismar müddəti bitmiş köhnə avtomobillərin iştirakı ilə baş verir. Ona görə də belə avtomobillərin idarəetmədən, yol hərəkətindən kənarlaşdırılması və yaxud utulizasiyasi qəzada ölənlərin və xəsarət alanların sayının azalmasına kifayət qədər təsir etmiş olardı. Düzdür, onları rəngləyirlər, təkərləri yaxşı olur, mexaniki hissələri saz vəziyyət olur, lap təzə kimi görünür, di gəl ki, bir balaca zərbəyə məruz qalan kimi yarıyadək qatlanıb qalırlar. Çünki həmin avtomobillərin metalının daxilində çürümə gedib, korroziyaya uğrayıb. Özü də köhnə avtomobillərdə insanın metalla birbaşa kontaktı var. İndiki avtomobillər demək olar ki, hamısı plastmas, yumşaq örtüklü olduğu üçün insan orqanizminə zərəri çox olmur. Bundan əlavə, onların hava yastıqları var. Yəni avtomobil aşarkən belə zərbə zamanı insan bədəni metalla kontaktda olmur. Lakin köhnə avtomobillərin əksəriyyəti metal hissələrdən ibarətdir və əyilən kimi onun metal tili insanı kəsir".
K.Əliyevin sözlərinə görə, köhnə avtomobillərin utilizasiyası məsələsi hələ də problem olaraq qalır: "Biz də bu məsələnin həllini gözləyirik".
Qeyd edək ki, hələ bir il əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdi ki, Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün yeni mərkəzləşdirilmiş proqramın hazırlanmasına ehtiyac var.
Daha sonra nəqliyyat nazirinin müavini Musa Pənahov demişdi ki, ölkədə yüksək ekoloji standartlara cavab verməyən köhnə avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması mexanizminin tətbiqi, köhnə avtomobillərin utilizasiyası, eləcə də onların sahiblərinə kompensasiyaların verilməsi şərtləri və mexanizmləri məsələlərinə baxılır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sertifikatlaşdırma və Standartlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev isə bildirmişdi ki, köhnə avtomobillərin utilizasiyası və onların sahiblərinə kompensasiyaların verilməsi ilə bağlı müvafiq dövlət proqramının hazırlanması məsələsinə baxılmır.
Bu gün isə Milli Məclisdən bildiriblər ki, Azərbaycanda köhnə avtomoillərin utilizasiyası məsələsi hələlik gündəmdə deyil və müzakirə olunmur.