BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazanıb Hadisə

BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) 2 startap layihəsi VI Çin Beynəlxalq “İnternet+ İnnovasiya və Sahibkarlıq” müsabiqəsində əsas mükafatlara layiq görülüb. Belə ki, beynəlxalq yarışda 3291 layihə arasından BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Biofactant” startap layihəsi gümüş və “Climasel” startap layihəsi isə bürünc mükafatı qazanıb.

2015-ci ildən Çin Təhsil Nazirliyinin ev sahibliyi ilə keçirilən müsabiqədə 124 ölkədən təxminən 4000 kollec və universitet təmsil olunur. Bu il seçilən 3291 beynəlxalq startap layihəsindən 37-si qızıl, 71-i gümüş və 287-si isə bürünc mükafata layiq görülüb.

Finalda yarışan Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Biofactant” startap layihəsində Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının tələbələri Güllü Hüseynli, Afaq Həşimova və Natiq Babayev, “Climasel” layihəsində isə Kimya mühəndisliyi ixtisasının tələbələri Güllü Hüseynli, Kafyə Abzərova və Zaur İmaməliyev iştirak ediblər.

“Biofactant” layihəsinin əsas məqsədi işlənmiş bitki yağlarından sintez yolu ilə ekoloji təmiz səthi aktiv maddələrin alınmasıdır. “Climasel” layihəsi isə evlərdə, ofis və restoranlarda temperaturu stabil saxlamağa yönəlmiş materialın istehsalını nəzərdə tutur.

Qeyd edək ki, hər iki layihənin inkişafına BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Farad Kamyabi və mütəxəssisi Elmar Əsgərzadə rəhbərlik edir. Layihələrin elmi məsləhətçisi Kimya Mühəndisliyi kafedrasının müdiri Əmir Rza Vəxşuridir.