Erməni əsirliyində olmuş hərbçi: “Vətən sevgisinə görə işgəncələri hiss etmirdik” Hadisə

Erməni əsirliyində olmuş hərbçi: “Vətən sevgisinə görə işgəncələri hiss etmirdik”

“Füzuli istiqamətində gedən döyüşlərdə yaralandım. Çox ağır döyüşlər gedirdi. Yeriyə bilmirdim, ancaq sürünə bilirdim”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Ömər Ələkbərov deyib.

O qeyd edib ki, ermənilər azərbaycanlı əsirlərə dəhşətli işgəncələr veriblər: “Onlara başa salırdım ki, Azərbaycan əsgəri qorxan deyil. Mənim ayağım yox idi, gözümdən yaralanmışdım, amma onlar bizdən qorxurdular. Mən inanırdım ki, Ali Baş Komandanımız bizi əsirlikdən qurtaracaq. Erməni əsgərə başa saldım ki, biz Ali Baş Komandanımızı ürəkdən sevirik. Bizə işgəncə verirdilər, bu, onların xoşuna gəlirdi. Biz də qışqırmamağa başladıq. Onda deyirdilər ki, niyə qışqırmırsınız, ağrımır?! Vətənimizin sevgisinə görə o ağrıları hiss etmirdik. Orada ermənilər sual verirdilər ki, sizə iynə vururlar deyə ağrı hiss etmirsiniz? Ermənilər danışırdı ki, vurduğumuz Azərbaycan əsgəri axsaya-axsaya üstümüzə gəlir, siz ölümsüz olursunuz. Onlar bizim yaralı əsgərlərimizdən də qorxub qaçırdılar. Şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizə isə şəfa diləyirəm”.