AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayıb Hadisə

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2-6 fevral tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.

AQTA-dan verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Ağzıbir, Sarısu və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək. Eyni zamanda həmin müddətdə Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Abşeron, Xızı, Salyan, Neftçala, Haçıqabul, Lənkəran, Cəlilabad, Masallı, İmişli və Ucar rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Siyəzən, Xaçmaz, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarıdakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, cari mövsümdə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikanın ərazisindən keçməsi, habelə bu quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır.