Fərdi jurnalist yazıları müsabiqəsində I yerə layiq görülmüş media mənsubları mükafatlandırıldı Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsində I yerə layiq görülmüş media mənsubları mükafatlandırıldı

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media mənsublarının mükafatlandırılması mərasimi keçirilib.
Dövlət və hökumət nümayəndələrinin, tanınmış media təmsilçilərinin və digər qonaqların iştirak etdiyi tədbir Dövlət himninin səslənməsi ilə başlayıb.
Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
V.Səfərli Fondun yarandığı gündən mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Fondun 2014-cü ildə müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə 10-dək fərdi jurnalist yazı müsabiqəsi təşkil etdiyini bildirən V.Səfərli həmin müsabiqələrdən ümumilikdə 350-dən çox jurnalistin bəhrələndiyini diqqətə çatdırıb: "Respublikamızda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı 3 layihə reallaşdırılıb. Jurnalistlərin peşəkarlığının artırılması üçün il ərzində treninqlər keçirilib".
O, jurnalistlərə daha geniş yaradıcılıq imkanlarının verilməsi məqsədilə qurumun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqənin keçirilməsi qaydalarında bəzi əlavə və dəyişikliklərin edildiyini xatırladıb. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirildiyini deyən V.Səfərli bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, müsabiqəyə 58 kütləvi informasiya vasitəsindən 154 yazı təqdim edilib. Bu yazılar 13 ekspert tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 57 redaksiyanı təmsil edən 114 jurnalist qalib elan olunub. Artıq ikinci və üçüncü yerlərin qalibləri mükafatlandırılıb, bu gün isə birinci yerlərin sahibləri qiymətləndiriləcək.
Natiq Azərbaycanda medianın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün jurnalistlər adından minnətdarlığını bildirib.
O, 2015-ci ildə təmsil etdiyi qurumlar tərəfindən reallaşdırılacaq layihələrdən söz açıb.
Daha sonra mükafatlar qaliblərə təqdim olunub və mərasim konsert proqramı ilə davam edib.