“YAŞAT” Fondunun rəhbəri: “Hansı yaralıya individual olaraq cihazlar lazımdırsa, sifariş verilir” Hadisə
“Bildiyiniz kimi, bir müddət öncə Fond tərəfindən qazilərimizin daha sürətli və keyfiyyətli reabilitasiya olunması üçün xaricindən “RGO” cihazları sifariş verilmişdi”.
Bunu “YAŞAT Fondu”nun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bildirib.
Onun sözlərinə görə, bu gün artıq o cihazlar ölkəyə gətirilib və yaralı qazilərin istifadəsinə verilib: “Ümid edirik ki, onların bundan sonra reabilitasiyası tez bir zamanda yekunlaşacaq, ən qısa zamanda sağlamlıqlarına qovuşacaqlar. Biz artıq bu cihazın altısını gətirmişik. Biri daha əvvəl gətirilmişdi, beşi isə bu gün gətirilib. Həkimlərlə mütəmadi olaraq məsləhətləşmələr aparılır, hansı yaralıya individual olaraq cihazlar lazımdırsa, Fond tərəfindən sifariş verilir. Əgər ölkə daxilindədirsə, buradan alınır, xaricdədirsə, xaricdən alınıb gətirilir ki, yaralılarımız, qazilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşsunlar”.
Həkim-reabilitoloq Gülnarə Nuruzadə isə bildirib ki, 3 aydır ki, bütün tibb heyəti, həkimlər, tibb bacıları yaralıların bərpası ilə məşğuldur. G. Nuruzadə qeyd edib ki, “RGO” cihazları vasitəsilə reabilitasiya üçün 1 il lazım olan bərpanı 5 aya etmək mümkün olur: “Bu, özəl bir ortopedik cihazdır, aşağı ətraflarda hissiyatı olmayan xəstələrimiz “RGO”-nu geyinir. Bir xəstəyə bu cihaz daha əvvəl verilmişdi, 2 həftədir ona təlim keçirik. Əvvəl 5 dəqiqə addım atırdısa, bu gün artıq 1,5 saat yeridə bilirik. Bu cihazın çox özəl bir xüsusiyyəti var. Xəstə cihaza bağlandığı günün səhərisi bizə dedi ki, barmaqlarımı heç hiss etmirdim, amma artıq ayaqlarıma istilik gəldi”. Hər bir xəstənin əzələ fiziologiyasını, anatomiyasını özəl qavraması var. Ola bilsin biri cihazı geyindikdən 2 həftə sonra yeridi, eləsi olar ki, bir ilə tam düzələ bilər. Fond tərəfindən ilk olaraq bel travmaları olanlar üçün “RGO” cihazları təşkil olundu. Yeriyən xəstələrimiz bizi də çox sevindirir, bu, bizim üçün bayramdır. 3 ay ərzində 301 xəstəm olub, kimin nə problemi varsa, qeyd edirik, “YAŞAT” Fondu da bu işdə bizə kömək edir”.