DSX 5 min nəfərlik vaksinlə təmin edilib - Kənan Yusifzadə Hadisə

DSX 5 min nəfərlik vaksinlə təmin edilib - Kənan Yusifzadə

Azərbaycan Dövlət Sərhəd Xidmətində vaksinasiya başlayıb.

Trend-in məlumatına görə, Sərhəd Xidmətinin tibb idarəsinin rəisi, professor doktor Kənan Yusifzadə jurnalistlərə açıqlamasında bildirib ki, hazırda DSX 5 min nəfərlik doz vaksinlə təmin edilib.

Onun sözlərinə görə, bu rəqəm ilk mərhələdə olan öhdəçiliyi tamamən qarşılayır. K.Yusifzadə vurğulayıb ki, ilkin mərhələdə Bakı və ətraf rayonlarda sərhədçilərin vaksinasiyası aparılacaq: “Bu proses təqribən bir ay davam edəcək. Ondan sonra digər ərazilərdə xidmət edən sərhədçilərin də vaksinasiyası həyata keçiriləcək”.

İşğaldan azad edilmiş ərazilərdə sərhədçilərin vaksinasiyasının həyata keçirilməsi məsələsinə gəlincə isə K.Yusifzadə bildirib ki, növbəti mərhələlərdə həmin ərazilərdə xidmət aparan sərhədçilər də vaksinasiya olunacaq.