Yurdu yaşatmaq üçün... Hadisə

Yurdu yaşatmaq üçün...

İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda oda, alova sinə gərərək tarix yazıb şəhidlik zirvəsinə ucalan Vətən oğulları həmişə qədir bilən xalqımızın ürəyində yaşayacaq. Müdriklər beşiyi, dahilər diyarı olan Odlar yurdumuzda indi onların sayı minlərlədir.
1997-ci ildə Lerik rayonunun Orand kəndində dünyaya göz açan Natiq Balamirzə oğlu Mirhüseynov də məhz “Vətən yaşasın” deyə şirin canını ona qurban verdi.
El obanın iftixarı, qürur mənbəyi olan Natiq orta təhsilini başa vurub, hərbi xitmətə yola düşür. Fəallığına, nümunəvi davranışına, vətənpərvərliyinə görə hər kəsin sevgisini qazanır. Hərbi xidmətdə olduğu zaman dəfələrlə komandirləri tərəfindən valideynlərinə təşəkkür məktubu yazılır. Natiq 2017-ci ildə Vətən qarşısında oğulluq borcunu alnıaçıq yerinə yetirib doğma kəndinə qayıdır. Amma canı qədər sevdiyi Vətəninin bir parçasının – Qarabağın işğalına dözə bilmir. Məqamı gələndə düşmənə layiqli cavab vermək məqsədilə 2018-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı” kursunda hərbi sirlərə mükəmməl yiyələnir. Bir müddət Lənkəran şəhərində, hərbi polis kimi fəaliyyət göstərir.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə gizir Natiq Mirhüseynov özünün 25 nəfərdən ibarət tağımı ilə döyüş bölgəsinə birinci yola düşənlərin sırasında olur. Müharibənin ilk günündən Hadrut, Cəbrayıl, Daşaltı istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərir. Ölümdən qorxmadan Qarabağın hər qarışında can qoyur. Şanlı zəfər gününüzə kimi ağır döyüşlərdə yağıya qan qusdurur. Təəssüf ki, Vətənin igid oğlu arzusuna çatandan sonra Cəbrayıldan Daşaltıya gedən zaman yolda minaya düşür və başından ağır zərbə alır. Onu dərhal Füzuli Hospitalına gətirirlər və orada əməliyyat olunur. Səhəri gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılır. 37 gün komada yatır. 30 yanvar 2021-ci ildə həkimlərin səyinə baxmayaraq qəhrəman gizir Natiq Mirhüseynovun Vətən eşqli ürəyi əbədi olaraq dayanır. Müqəddəs ruhu yurdun nur saçan Günəşinə dönüb göylərə ucalır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü