Təhsildə məzmun islahatları dərinləşdiriləcək Hadisə

Təhsildə məzmun islahatları dərinləşdiriləcək

Azərbaycan Respublikası Təhsil İnstitutunda Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı hədəflər müəyyənləşdirilib. Bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat verib.
R.Əzizov qeyd edib ki, hazırda bacarıq əsaslı və ya biliyin tətbiqinə əsaslanan təhsilə keçmək əsas prioritetdir. Məzmun islahatı ümumi təhsildə bir çox problemlərin həllini inteqrativ və sistemli şəkildə tələb edir. Məzmunun dəyişməsi təkcə dərsliyin dəyişməsi ilə bitmir. Belə ki, məzmun dəyişikliyi həmin dərsi tədris edəcək müəllimin hazırlığının, tədris planının, qiymətləndirmələrin, xüsusilə də qəbul imtahanlarının mahiyyətinin dəyişməsi deməkdir.
Məzmunun yenilənməsi ilə bağlı Təhsil İnstitutu Sinqapurun Alston nəşriyyat evi və Marşel Kavendiş İnstitutu ilə birgə fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində bu şirkətlər yuxarı siniflər üçün təbiət fənləri (V sinif təbiət fənni, VI-XI sinif fizika, kimya və biologiya), ibtidai siniflər üçün “Həyat bilgisi” fənninin və bütün siniflər üzrə riyaziyyat fənninin həm təhsil proqramlarının (kurikulumlarının), həm də dərslik komplektlərinin təkmilləşdirilməsi prosesinə cəlb olunub. Bu şirkətlərin ekspertləri yerli mütəxəssislərə kurikulumların və dərsliklərin təhlili və təkmilləşdirilməsi istiqamətində təlimlər keçib. Qeyd edək ki, bu təlimlər yaxın bir neçə ay davam edəcək. Təlimlərdə təkmilləşdirmə prosesinə cəlb olunmuş əsas komanda üzvləri ilə yanaşı, Təhsil Nazirliyi, Təhsil İnstitutu və Dövlət İmtahan Mərkəzinin ekspert və əməkdaşları iştirak edirlər. Qeyd edək ki, V sinif üçün təbiət fənninin dərslik komplektinin yay aylarında hazır olması planlaşdırılır. 2021-ci ilin sonuna qədər isə I-V siniflər üzrə “Həyat bilgisi”, VI-XI siniflər üzrə fizika, kimya və biologiya və I-XI siniflər üzrə riyaziyyat fənlərinin təhsil proqramlarının hazırlanması nəzərdə tutulur.
Əlavə olaraq, Təhsil İnstitutu tərəfindən həyata keçirilən uğurlu layihələrin tədricən ümumi təhsil sisteminə yeni məzmun kimi inteqrasiya olunması, onların davamlılığının və əlçatanlığının təmin edilməsi qarşıya qoyulmuş vacib məqsədlərdəndir. Təhsil İnstitutu müxtəlif siniflər üzrə tədris planlarına STEAM dərslərinin ayrıca bir dərs olaraq salınması və ya digər mövcud məzmuna inteqrasiya olunması kimi suallar üzərində də araşdırmalar aparır.
Eyni zamanda, yeni məzmuna uyğun olaraq müəllimlərin işə qəbul imtahanlarında cavablandırdığı suallar və müəllimə olan tələblər də nəzərdən keçirilməlidir. Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən mütəmadi ixtisasartırma təlimləri təşkil edilir. Yaxın gələcəkdə yeni məzmuna uyğun və müəllimlərin müxtəlif ehtiyaclarını hədəfləyən fərqli təlimlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, artıq Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) fəaliyyətə başlayıb. Bu mərkəzin yaradılmasında əsas məqsəd yerlərdə metodik kabinetlərin işinin yenidən qurulması, müəllimlərə məzmun, qiymətləndirmə, tədrisin təşkili, istedadlı uşaqların müəyyən olunması və digər mövzularda dəstək göstərilməsidir. Bu il MDM tərəfindən 300 metodistin hazırlanması nəzərdə tutulur.
Yeni məzmuna uyğun buraxılış və ali məktəblərə qəbul imtahanlarının da mahiyyəti dəyişməli, suallar müxtəlif bacarıqların ölçülməsinə xidmət etməlidir. Bu istiqamətdə artıq Dövlət İmtahan Mərkəzi ilə birgə müəyyən işlər görülməyə başlanılıb, müştərək layihə üzərində müzakirələr aparılıb və tədricən birgə fəaliyyət planının tərtib edilməsi hədəf olaraq qoyulub.