Ötən il 8708 yanğın hadisəsi qeydə alınıb Hadisə

Ötən il 8708 yanğın hadisəsi qeydə alınıb

Ötən il Azərbaycanda 8708, o cümlədən Bakı şəhərində 3196 yanğın hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.
Respublika üzrə hər gün orta hesabla 23 yanğın hadisəsinə çıxış qeydə alınıb. 2012-ci illə müqayisədə yanğınlara çıxışlar 1079 hadisə, açıq sahələrdə çıxışlar 925 hadisə, nəqliyyat vasitələrində baş vermiş yanğınlar 57 hadisə, yaşayış sahələrində baş vermiş yanğınlar 46 hadisə, yanğından mühafizə olunan tikili sahəsi 68 min kvadratmetr və yanğından xilas edilən insanların sayı 29 nəfər artıb, yanğınlar zamanı xəsarət alanların sayı 18 nəfər azalıb.
Yanğın nəzarəti məqsədilə 2013-cü ildə 137 mindən artıq obyektdə texniki müayinələr aparılıb. Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün obyekt rəhbərlərinə və sahiblərinə məktub vasitəsilə 586 mindən artıq tapşırıq verilib. Həmçinin nasaz vəziyyətdə istifadə edilən 4200-dən artıq qaz cihazlarının dövriyyədən ayrılması barədə aidiyyəti qurumlara göstərişlər verilib.
Ötən il respublika ərazisində 23 mindən artıq müəssisədə, 86 mindən artıq mənzildə və 92 mindən artıq fərdi yaşayış evində qaz təsərrüfatı müayinədən keçirilib. Bunlardan 2 mindən artıq müəssisənin, 3900-dən artıq mənzilin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkarlanıb.