

20 Mart 10:05
19 Mart 23:00
Astarada Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurovun doğulub boya-başa çatdığı Əzərud kəndində xatirəsinə ucaldılmış büstün açılış mərasimi olub.
Xatırladaq ki, Pəncəli Teymurov Ağdamda həqiqi hərbi xidməti bitirdikdən sonra könüllü olaraq yeni yaradılan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı-diversant taborunda xidmətə başlayıb. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən təxribat zamanı Tərtər istiqamətində döyüşə atılır, Talış yüksəkliyi uğrunda igidliklə vuruşub. Həmin istiqamətdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edən Pəncəli aprelin 3-də şəhidlik zirvəsinə ucalıb. Misilsiz şücaətinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid gizir ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin ev-muzeyinin qarşısında ucaldılan büstünün açılış mərasimində Pəncəlinin ailə üzvləri, silahdaşları, Astara, Biləsuvar, Masallı, Cəlilabad və Lerikdən gələn təhsil işçiləri və kənd sakinləri iştirak edibilər. Mərasimdə şəhid Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib: “Aprel şəhidləri 44 günlük Vətən müharibəsində qələbənin təməlini qoydular. Mən fəxr edirəm ki, Pəncəli kimi igid oğlum olub. İndi bütün Azərbaycan xalqı oğlumla qurur duyur. Pəncəli kimi bir yox, neçə-neçə oğullarım var. Onların hər biri ilə fəxr edirəm. Hazırda isə çox sevinirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpağımızı düşməndən azad edib. Bizim şəhidlərin qanı yerdə qalmadı”.
Aprel döyüşlərinin qazasi Əliəhəd Mehdiyev isə öz çıxışında bu fikirlərə xüsusi önəm verdi: ”Pəncəli Teymurovu yaxından tanıyan biri kimi deyə bilərəm ki, bizim üçün o, xüsusi təyinatlıların əfsanəsi idi. İgid qardaşım xalqını, Vətənini canından artıq sevirdi. Hətta toyunda özünə şəhidlik arzulaması bir daha onun böyük vətənpərvərliyini, mərdliyini göstərir”.
Mərasimdə çıxış edənlər Pəncəli Teymurovla bağlı xatirələrini dilə gətiriblər, torpaqlarımızın azadlığı naminə göstərdiyi qəhrəmanlıqdan söz açıblar.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü