“Ahıllar evinin tikilməsinə ehtiyac var” Hadisə

“Ahıllar evinin tikilməsinə ehtiyac var”

Əhməd Qəşəmoğlu: "Bir çox ailələrdə ahıllara ənənəvi olan münasibət, hörmət minimuma enib"

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ahıllar evləri ilə bağlı danışarkən təkliflərlə çıxış edib: "Ahıllar evi" iki cür olur. Birincisi, özəl "Ahıllar evi"dir və dünyanın bir çox yerində bu təcrübədən istifadə edilir. Bura yerləşən ən varlı adamlar bütün əmlakını satıb pulunu öz hesabına yatırır. Özəl ahıllar evində üzgüçülük hovuzu, masaj salonları var. Bir sözlə, qocalar burda kef çəkirlər. İkincisi, sosial müdafiə xarakterli ahıllar evləridir. Burada isə imkansız, baxımsız qocalar yaşayır. Belə ahıllar evlərində yaşayan və sosial durumu ağır olan adamları dövlət öz hesabına təmin edir. Yeməyini, içməyini, hər bir təlabatını dövlət ödəyir". Millət vəkilinin fikrincə, Azərbaycanda da istirahət tipli "Ahıllar evi" olmalıdır: "Düşünürəm ki, olacaq. Çünki elə adamlar var ki, evi darısqaldır, ya da kimsə çox adamla qalmaq istəmir. Övlad da düşünür ki, valideyni üçün yeni ev almaqdansa, onu xüsusi pansionata yerləşdirsə, daha məqsədəuyğun olar. Mən çox istərdim ki, bizim də ahıllar evi də bu cür olsun. Yaşlı insanlarımız ehtiyac üzündən yox, gününü xoş keçirmək üçün ora getsinlər". Hadi Rəcəblinin sözlərinə görə, "Sosial xidmət haqqında" qanun bizdə də bu cür özəl müəssisələrin yaradılmasına imkan verir: "Bu cür evlərin tikintisinə artıq sahibkar maraqlı olmalıdır. Çünki bu da biznesin bir növüdür. İstifadə edə bilən yaxşı nəticələr qazanacaq.
Dünya təcrübəsində belə bir qayda da var. Varlı adam yaşadığı evin bir otağını valideyni üçün ayırır, ona xüsusi baxıcı tutur. Həmin otaqda qocanın ehtiyacını ödəmək üçün hər cür şərait yaradılır. Sosial işçi hər gün onunla maraqlanır, qayğısına qalır. Belə xidmət növündən bizdə də istifadə olunur".
Onu da əlavə edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli Əhalinin sosial müdafiəsi Mərkəzlərinin sosial işçiləri tərəfindən hazırda 13 min 413 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onların 10 min 752 nəfəri qadınlardır. Xidmətlə təmin olunanların 11 min 275 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər. Evlərində tək yaşayan və yaşadıqları şəhərdə (rayonda) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.
Sosioloq Əhməd Qəşəmoğlu isə diqqətə çatdırdı ki, indiki vaxtda müasir tələblərə cavab verə bilən ahıllar evinin tikilməsinə olduqca böyük ehtiyac var. Onun sözləri nə görə, çünki artıq cəmiyyət, insanların xarakteri dəyişib: "Bir çox ailələrdə ahıllara ənənəvi olan münasibət, hörmət minimuma enib. Xeyli halda artıq yaşlı adamlaın öz nəvə nəticəsi ilə yaşaması 40-50 il bundan əvvəl, lap elə əsrlər boyu olduğu kimi mumkün deyil. İndi sosioloji, psixoloji, iqtisadi baxımdan təhlil aparılmalıdır ki, cəmiyyətimizdə nə baş verir, bu dəyişikliklər fonunda hansı addımlar atılmalıdır? Düşünürəm ki, həm özəl tipli ahıllar evinə, həm də dövlət büdcəsindən maaliyyələşən ahıllar evinə ciddi ehtiyac var".

Əli