Hicran Hüseynova: "İslam dini bütün məsələlərə, o cümlədən qadın və kişi hüquqlarına demokratik prinsiplərlə yanaşır"
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" adlı konfransda Azərbaycan ailəsində qadınların hüquqlarının qorunması naminə kişilərə çağırış edilib.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, görülən tədbirlərə baxmayaraq, əhali arasında dini-mənəvi dəyərlərin çatdırılmasında bir sıra narahatedici məqamlar mövcuddur. Onun fikrincə, bunu bir neçə səbəblə əlaqələndirmək olar: "Əvvəla, hələ də insanların təfəkküründə səhv dini stereotiplər var və bir çox hallarda münasibətlərdə problemlər yaradır. Digər tərəfdən, bu, bəzi dini icmaların, sektaların destruktuv fəaliyyəti ilə bağlıdır. Bütün bunlar ailələrin dağılmasına, valideyn-övlad münasibətlərinin pozulmasına gətirib çıxarır".
Komitə sədri təəssüflə qeyd edib ki, onlar hazırda təhsildən yayınan, orta əsrlərdə olduğu kimi, ekrən yaşda nikah quran qızların olması faktı ilə rastlaşırlar: "Əlbəttə, bu, səhv fikirdir. İslam dini insanlara düzgün çatdırılmır. Əfsuslar olsun ki, burada patriarxal mədəniyyət özünü göstərir. Müqəddəs Quranın surələri və şəriət qaydaları həmin maraqlara uyğun çatdırılır. Əksinə, İslam dini bütün məsələlərə, o cümlədən qadın və kişi hüquqlarına demokratik prinsiplərlə yanaşır. İslamda təhsilə, hüquqların qorunmasına xüsusi münasibət var. Cəmiyyət yalnız kişilərdən ibarət deyil. Əhalinin 50,3 fazini təşkil edən qadınlar bu inkişafdan kənarda qala bilməz. Bu gün bütün İslam dünyasında qadınların qərar qəbul etmə və idarəetmədə fəal iştirakının şahidi oluruq. Bu ölkələrin qadın nazirləri, səfir və diplomatları var. Müsəlman ölkələrində böyük inkişaf gedir".
H.Hüseynova bildirib ki, Komitə rayonlarda qadınların kiçik və orta biznesini qurması və müəyyən təşkilatlarda işləməsi üçün müraciətlər edir, onları öyrədir, təcrübə keçir, lakin sonra həmin qadınlar həyat yoldaşları tərəfindən onlara qadağa qoyulduğunu bildirirlər: "Amma kişilər başa düşməlidirlər ki, din qadının işləməsinə, özünü təsdiq etməsinə müsbət yanaşır. Yaxud da, kişi heç bir rəsmi nikahı olmadan 2 və 3 ailə saxlayır. Həmin qadınların, uşaqların heç birinin qanuni hüquqları olmur. Onda sual yaranır, əgər din əsas gətirilirsə, onda hər bir ailə üzvünün maddi və hüquqi ehtiyaclarını ödəmək niyə yaddan çıxır? Qız övladlarının çox olduğu ailələrdə bəzən münaqişələr, hətta zorakılıq halları olur. Kişilər öz həyat yoldaşlarına qarşı aqressiv davranırlar, bunun nəticəsində həmin ailələrin dağılmasını, münaqişələrin və zorakılıq faktının olmasını müşahidə edirik. Əgər bu məsələ ilə bağlı vətəndaşlara, xüsusilə də kişilərə həm dini, həm də tibbi məlumatlar doğru çatdırılsa, onlar arasında maarifləndirmə işi daha da gücləndirilsə, belə xoşagəlməz halların sayı az olar. Bəzən müxtəlif dini cərəyanlar gənclərimizi cihada, məlum olmayan ideya uğrunda vuruşmağa çağırır və müəyyən qədər də buna nail olurlar. Onların bəziləri ailəsini də özü ilə aparır, bütün bunlar faciələrə səbəb olur. Bu, bir gəncin və ya ailənin faciəsi deyil, bütövlükdə cəmiyyətin problemidir".
Dövlət Komitəsinin sədri dinin qadınların hüquqlarını qorumadığı fikrinin tamamilə düzgün olmadığını deyib: "Dinimiz haqqında bir çox insanlarda olan məlumat azlığı hər mövzuda olduğu kimi qadın hüquqları və Quranda qadının əhəmiyyəti mövzusunda öz əksini tapır. Qadının vəzifəsi yalnız dünyaya övlad gətirmək deyil. O da kişilərin yerinə yetirməli olduğu bütün yaxşı əməlləri etməlidir. Eyni zamanda, qadın kişi ilə bərabər qarşılıqlı məsuliyyət daşıyır. Müqəddəs İslam dinində qadın və kişilərin hüquq və vəzifələrinin bərabər olduğu, bəzi hallarda isə, qadının üstünlüyü göstərilir".
Onun fikrincə, dini stereotiplərin, eləcə də dinlərdən terrorizm və ekstremizm vasitəsi kimi istifadə etmək hallarının qarşısını almaq üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də siyasətçilərin, alimlərin, din xadimlərinin səfərbər edilməsi zəruridir.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış "2015-2016-cı illər üçün birgə işin təşkilinə dair Təbdirlər Planı"na əsasən keçirilən konfransda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və digər bu kimi aktual mövzular ətrafında müzakirələr aparılır.
Tədbirdə millət vəkilləri, dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, dini icma rəhbərləri iştirak edirlər.