Türkiyədə daha bir Xocalı abidəsi ucaldılır Hadisə

Türkiyədə daha bir Xocalı abidəsi ucaldılır

Türkiyənin İzmit şəhərində Xocalı abidəsi ucaldılır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində abidə ucaldılacaq. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə İzmit bələdiyyəsinin birgə layihəsi olan abidənin artıq inşasına başlanılıb.
İzmit şəhəri, Yenişəhər məhəlləsindəki parkda ucaldılacaq abidə bələdiyyənin Park və bağçalar müdirliyi tərəfindən hazırlanan layihə əsasında inşa edilir. Layihəyə görə abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Abidədə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlar qoyulacaq. Bundan başqa, soyqırımı əks etdirən fotolardan istifadə ediləcək, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunacaq.
Parkda hər iki ölkənin bayraqları ilə yanaşı, Azərbaycan milli naxışları, buta və digər simvollar əks olunacaq. Abidənin bu il aprelin 22-də Türkiyə və Azərbaycan dövlət adamlarının iştirakı ilə açılışı nəzərdə tutulur.