Avstraliyanın “Seven Network” kanalı ilə müqavilə imzalanıb Hadisə

Avstraliyanın “Seven Network” kanalı  ilə müqavilə imzalanıb

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi I Avropa Oyunlarını nümayiş etdirmək üçün Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı "Seven Network" kanalı ilə müqavilə imzalayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kanal ilk Avropa Oyunlarının ölkə üzrə 8,4 mln. evə gündəlik yayımını öhdəsinə götürüb.
Təşkilat Komitəsindən qeyd edilib ki, "Seven Network" kanalı ilə bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, ABŞ, Kanada, Hindistan, Çin və ərəb dünyası ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın dörd bir yanında I Avropa Oyunlarının daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.
BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq "Seven Network" kanalının olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib: "Bu kanalın ilk Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi "Bakı-2015"-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir. Bu sazişlə "Bakı-2015" Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırdı".
"Seven Network" kanalının idman şöbəsinin direktoru Sol Ştayn da yayımla bağlı fikirlərini paylaşıb: "Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. I Avropa Oyunlarının, uzunmüddətli teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük".
Qeyd edək ki, "Seven Network" Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı, eyni zamanda 2007-ci ildən bəri ölkəsinin ən reytinqli televiziya kanalıdır.