Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçimi bu gün başa çatır Hadisə

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçimi bu gün başa çatır

Oktyabrın 13-də xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə növbəti vakansiya seçimi yekunlaşır. Vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə mövcud vakansiyalarla bağlı müraciət etmək üçün namizədlərdən aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq xahiş olunur.

https://forms.gle/LQchga5n8TXtx5qV7

Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək.

Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.