Tərlan
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Bu dəfəki sorğu zamanı respondentlərə "İşəgötürən tərəfindən sizin barənizdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət edirsinizmi?" sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin 62,68 faizi suala cavab olaraq, işəgötürən tərəfindən onlar barəsində sosial sığorta haqlarının ödənilməsinə birbaşa nəzarət etdiklərini təsdiqləyib. Respondentlərin 30,6 faizi bu prosesə "nəzarət etmədiklərini", 6,71 faizi isə "ehtiyac görmədiklərini" bildirib.
Qeyd edək ki, hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər birşəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir. Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir. DSMF-nin internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər.