“Azərbaycan: Ənənədən müasirliyə” Hadisə

“Azərbaycan: Ənənədən müasirliyə”

UNESCO-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sərgi açılıb

Hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və AzərbaycanınUNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə mayın 13-də qurumun mənzil-iqamətgahında "Azərbaycan: Ənənədən müasirliyə" adlı sərginin açılışı olub.
AZƏRTAC-ın verdiyi məlumata görə, açılış mərasimində çıxış edən UNESCO-nun xarici əlaqələr üzrə sektorunun idarə rəisi Genc Seiti sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Genc Seiti sərgidə nümayiş etdirilən qədim arxeoloji əşyaları, misgərlik və xalçaçılıq sənətinin nümunələrini, müasir incəsənət əsərlərini Azərbaycanın mədəni irsinin davamlılığının göstəricisi kimi qiymətləndirib. O, sərginin bir daha Azərbaycanın öz mədəni irsini qoruduğunu sübut etdiyini bildirib.
Genc Seiti Azərbaycanın UNESCO-nun mədəniyyət sahəsində mövcud olan konvensiyalarının həyata keçirilməsində, xüsusən qeyri-maddi mədəni irsin qorunmasında fəal iştirak etdiyini vurğulayıb.
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi səfir Anar Kərimov çıxışında qonaqlara sərgidə nümayiş etdirilən əsərlər əsasında ölkəmizin zəngin tarixi barədə məlumat verib. Anar Kərimov bu kimi tədbirlərin təşkilində Mehriban Əliyevanın xidmətlərini vurğulayıb və onun UNESCO-nun xoşməramlı səfiri qismində aktiv fəaliyyəti haqda söhbət açıb.
Azərbaycanın mədəni müxtəlifliyini özündə əks etdirən sərginin "Azərbaycan: Ənənədən müasirliyə" guşəsində arxeoloji nümunələr, qədim və orta əsrlərdə Azərbaycanda istifadə olunan pul sikkələri, zərgərlik məmulatları, mis qablar və dulusçuluq nümunələri, qədim qadın və kişi geyimləri, milli musiqi alətləri, tikmələr və xalçalar nümayiş etdirilir.
"Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunan guşədə ölkəmizin tanınmış heykəltəraşları ilə yanaşı, istedadlı gənclərin yarışların keçiriləcəyi 20 idman növü üzrə bürüncdən hazırladıqları işlər ziyarətçilərdə maraq doğurub.
Tədbir zamanı, həmçinin "Azərbaycan cazının yeni nəsli" konsert proqramı təqdim olunub.
Tədbir zamanı iştirakçılara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunan lirik poemalarına, ilk məşhur Azərbaycan şairəsi Məhsəti Gəncəvinin rübailərinə, Mirzə Ələkbər Sabirin satirik şeirlərinə, milli musiqi tariximizə və musiqi alətlərinə, misgərlik və dulusçuluq sənətinə, qədim xalçalara, tarixi abidələrə, ölkəmizin təbiətinə dair kitablar və broşürlər təqdim olunub.
Sərgi mayın 20-dək davam edəcək.