“Prezidentin çağırışı jurnalistlərin peşəkar məsuliyyətini daha da artırır” Hadisə

“Prezidentin çağırışı jurnalistlərin peşəkar məsuliyyətini daha da artırır”

Yanvarın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“İctimai nəzarətin formalaşmasında medianın rolu”nun müzakirə olunduğu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub, ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın roluna diqqət çəkilib.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı bildirib ki, mediada yer alan məlumatların mütləq əksəriyyəti öz təsdiqini tapır və bu haqda dərhal ölçü götürülür. Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur”.

Medianın İnkişafı Agentliyinin məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini vurğulayan Əhməd İsmayılov bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırıb. İcraçı direktor bu yaxınlarda geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul olunmuş və imzalanmaq üçün təqdim edilmiş “Media haqqında” qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacağını qeyd edərək adıçəkilən layihənin müddəalarının jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verdiyini bildirib.

Görüşdə çıxış edən media subyektlərinin rəhbər və nümayəndələri Prezidentin ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı çağırışlarının media qarşısında yeni vəzifələr qoyduğu vurğulayıblar.
Elçin Mirzəbəyli ictimai nəzarət mexanizmləri ilə bağlı maarifləndirmə işinə ehtiyac olduğunu qeyd edib: “Medianın özündə də belə tədbirlərin keçirilməsinə ehtiyac var. Digər tərəfdən ictimai şuralarda eyni adamların bir neçə dəfə seçilməsinə yol vermək olmaz. Korrupsiya faktlarının araşdırılması, araşdırma jurnalistikasının nə olması ilə bağlı xüsusi resurslar yaradılmalıdır. MEDİA-nın bundan sonrakı və bundan əvvəlki fəaliyyəti də həmin bazada yer alsın”.

Ə.İsmayılov təklifi dəstəkləyib: “MEDİA-nın özünün də hərdən peşəkarlığının artırılmasına ehtiyac olduğunu hiss edirik”.

Rəqəmsal medianın əhəmiyyətinə toxunan icraçı direktor vurğulayıb ki, hər hansı informasiyanın kütləviləşdirilməsi yolları artıq çoxdur: “Bizim saytların, qəzetlərin sosial şəbəkələrdə aktivliyi artmalıdır. Peşəkar medianın sosial şəbəkədə proyeksiyası artmalıdır. Reformasiyanı biz təmin etməliyik”.

Yeni Azərbaycan qəzetinin baş redaktoru Alqış Musayev qeyd edib ki, hər şey büdcəyə xəyanətdən başlayır: “Biz yenidən təşkilatlanırıq. Bizim ən zəif bəndlərimizdən biri də mətbuat və ictimai nəzarətdir. İctimai nəzarəti həyata keçirə biləcək yeganə vasitə mətbuatdır. Mətbuatdan gözləntilər dövrünü yaşayırıq. Amma etiraf etmək lazımdır ki, mətbuat heç də üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Mətbuat özünün ictimai nüfuzunu bərpa etməlidir. Bu zamanla bağlı məsələdir. Yeni qəbul edilən “Media haqqında” qanun buna şərait yaradacaq. Mətbuatın peşəkarlaşması üçün peşəkar mühit olmalıdır. Jurnalist peşəkar məmurdan, nazirdən müsahibə almalıdır, qarşısındakı peşəkar olandan sonra qeyri-peşəkar jurnalist işləyə bilməyəcək. Redaksiyaların özü yenilənməlidir. KİVDF-nin əvvəlki qərarı ilə bağlı məhkəmə qərarı var. Görünür o zaman mətbuat ictimai nəzarəti həyata keçirə bilməyib. Görünür o zaman hansısa mətbuat nümayəndəsi Vüqar Səfərliyə sözünü deyə bilməyib. Mətbuatın bu gün bu vəziyyətdə olmasının səbəbkarlarından biri Vüqar Səfərlidirsə, onun bu gün içəridə olmasının səbəbkarı da bizik”.

MEDİA-nın icraçı direktoru isə Alqış Musayevin fikirlərini dəstəkləyərək əlavə edib ki, biz özümüzə tənqid məsələlərini də müzakirə etməliyik: “Biz media olaraq tam etimadı qazandıqdan sonra ictimai nəzarəti həyata keçirə biləcəyik. Bizim baxımlılıq səviyyəmiz aşağı düşdükcə bizim iqtisadi müstəqilliyimiz azalır. Eyni zamanda da medianın ictimaiyyət arasındakı nüfuzu azalır”.