“Bic doğulan” kitablar... Hadisə

“Bic doğulan” kitablar...

Bir ara bəzi “kürsü sahibləri” arasında elmi iş “müdafiə etmək”, ədəbi əsərlər “yazmaq”, çeşidli “beynəlxalq akademiya”ların fəxri üzvü olmaq dəbə çevrilmişdi. Vəzifə kürsüsünə yol tapan və şöhrət hərisliyindən əziyyət çəkən bəzilərinin adının önünə hansısa elmlər üzrə “fəlsəfə doktoru”, “elmlər doktoru”, “professor”, bir neçə əsərin, yaxud kitabın “müəllifi” epitetlərindən biri, yaxud bir neçəsi yazılmasaydı, yeddi və daha çox “mərtəbəli” təqdimatlar sıraya düzəlməsəydi, sanki ayrı-ayrılıqda oxucuya, tamaşaçıya və ya dinləyiciyə heç nə vəd etməyən obrazlar tamamlanmayacaq, alayarımçıq görünəcəkdi...

İllər öncə müxtəlif tədbirlərdə, yaxud görüşlərdə zorla sırınan qalın cildli kitabları bir neçə dəqiqəliyə olsa da varaqlayanda, öz-özümə sadəlöhvcəsinə “bu adam 300, 500 və hətta 1000 səhifəlik kitabı nə vaxt yazdı” sualını verirdim. Mənim işim, onsuz da yazmaqdı. Bəzən günün 10-12 saatını kompyuterin arxasında keçirirəm. Tanıyanlar necə sürətlə işlədiyimi, bəzən isə 4-5 səhifəlik məqaləni birnəfəsə yazdığımı çox yaxşı bilir. Amma yenə də uşaqlıq illərindən bəri yazdıqlarımı bir yerə toplasam, 5-6 alababat kitab çıxar ortalığa. Hər biri də, ən yaxşı halda 250-300 səhifəlik. 55 yaşım var. 35 ildir, az qala fasiləsiz yazıram. “Azadlıq” və “Azadlığa çağırış” marşlarını yazanda 21 yaşım tamam olmamışdı. Yazdıqlarım milyonların dilinin əzbəri idi... Və bu böyüklükdə stimulun qarşılığında indiyədək, təxminən 120-300 səhifədən ibarət 4 şeir kitabım işıq üzü görüb. Bir neçə ay öncə publisistik məqalələrimi, köşə yazılarımı bir yerə topladım, cəmi 500 səhifəlik bir “nəticə” çıxdı ortalığa. Beşinci şeir kitabımı 2 ildir ki, çapa verə bilmirəm. Təkrar oxumağa, redaktə etməyə vaxtım olmur. Bu baxımdan, mühüm dövlət vəzifəsi daşıyan bir adamın 23 il ərzində, hər biri 300-500 və daha çox səhifədən ibarət 32 kitabı necə yazdığını düşünəndə, beynim çat verir...

Yaxud bədii əsərləri ildırım sürətiylə - ildə 1, 2 və daha çox - dövriyyəyə buraxanların “yaradıcılıq və iş qabiliyyətinə” heyran qalıram və düşünürəm ki, onların sürətiylə işləmək mümkün olsaydı, işğaldan azad edilmiş yaşayış məntəqələrimiz bir neçə ayın ərzində cənnətə çevrilərdi.

Həmişə təəccüblənirəm ki, vaxtilə yüksək dövlət vəzifələrində çalışan və çalışmaqda olan bu “fitri istedad sahibləri”, görəsən hansı səbəblərdən yalnız “kitablarında” nəzərə çarpan yaradıcılıq potensiallarını, çevik iş bacarıqlarını çalışdıqları və məsul olduqları sahəyə tətbiq etməyiblər? Nədir bu ultraeqoizmin səbəbi? Bəlkə eyni yanaşmanı çalışdıqları sahəyə tətbiq etsəydilər, indi el qınağına, yaxud danlağına tuş gəlməzdilər. Məsələn, bir neçə bacarıqlı, intellektual, yaradıcılıq potensialı, çevik iş qabiliyyəti olan adamı da çalışdıqları sahəyə cəlb edə bilərdilər. Niyə təəccüblənirsiniz? Onların əvəzinə başqaları kitab yazanda olur, amma işləyəndə olmur? Son nəticədə ağıldan bəlaya tuş gələnlər də, cəmiyyət də, bundan yalnız qazana bilərdi...

Bununla yanaşı, bir məqama da diqqət çəkməyi vacib hesab edirəm: Bütün dünyada olduğu kimi, dövlətə, cəmiyyətə kifayət qədər faydası dəyən elə insanlar var ki, fikirlərini yazıya çevirə bilmirlər. Bu halda onların başqalarının köməyindən bəhrələnməsi normal qarşılanır. Son nəticədə bu və ya digər kitabın əsasını təşkil edən fikrin, ideyanın müəllifləri onların özləridir və buna görə kimsə onlara irad tuta bilməz.

Amma kiminsə yazdıqlarını həyin müqabilində olursa-olsun öz adına çıxarmaq, insanların bədii yaradıcılığını, təxəyyülünü, düşüncəsini istismar etmək, həm də utanmadan özünü böyük ədəbiyyat və yaxud elm adamı kimi təqdim etmək, həyasızlığın son həddidir.

Adam bütün günü keyfdə-damaqda, eyş-işrətdə, orda-burda vaxt öldürür və bir də görürsən ki, nəhəng bir kitab qayırıb çıxartdı ordalığa... Sən bunu nə vaxt yazdın? Harda yazdın? Necə yazdın? Nə bir soruşan var, nə də bir hesab soran... Sonra da deyirik ki, camaatımız kitab oxumağı sevmir. Nə üçün oxusun? Kiminsə ehtiyac ucbatından, yaxud iş yerini itirmək qorxusundan, candərdi yazdığı əsərləri bu millət niyə oxumalıdır axı? Axı belə candərdi yazılan “əsərlər” daha çox təbliğ olunur, yaxud gözə soxulur, qapıdan atırsan bayıra, pəncərədən girir... Doğrudur, son 2-3 il ərzində vəziyyət qismən də olsa yaxşılığa doğru dəyişib. Amma yetərli deyil. Həm də elm və ədəbiyyat haramzadələri, hələlik təslim olmaq istəmirlər, müqavimət göstərir, yaxud “iş başında” olduqları zaman yazdırdıqlarının onlara məxsusluğunu sübuta yetirmək üçün saxtakarlılarını eyni şövqlə davam etdirirlər.

...Çünki yazdıqlarını təhlil etməli olanlar nəyinsə, yaxud nələrinsə müqabilində “bəy tərifi” ilə məşğul olur, gözlərinin özündə “bic doğilan əsərlərə” dayəlik edirlər.

“Bic doğulan” demişkən, bir neçə gün öncə, bu “nəhəng haramzadələr”dən birinin bir neçə “kitabını” varaqladım və bəlli oldu ki, hər kitabın bir, yaxud bir neçə nüəllifi var. Lənət şeytana, bunların yaradıcı pəriləri gələndə də dəstəylə, rus demişkən “qruppavoy” gəlir, deyəsən. Varlığa nə darlıq...

Elçin Mirzəbəyli