
"Bakı-2015" birinci Avropa Oyunları iyunun 28-də möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. Avropanın aparıcı media orqanları bağlanış mərasimini geniş işıqlandırıb. "Sportsmax.tv" idman portalı bağlanış mərasiminin möhtəşəmliyini qeyd edərək Bakı Olimpiya Stadionunda keçirilən tədbirə dünya şöhrətli ulduzların da qatıldığını vurğulayır. Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirləri də yer alıb: "Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir".
Fransanın "ladepeche.fr" saytı birinci Avropa Oyunlarını xarakterizə edərək "Olimpiya Oyunlarının ideal surəti" ifadəsini işlədib. Sayt yazır ki, Bakı Oyunların təşkili ilə digər böyük idman tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdi.
"Təşkilatçılıq çox gözəl idi. Bakı iki il yarım ərzində 68 min nəfərlik Olimpiya Stadionu tikməklə böyük şücaət göstərib. Medallarda da Olimpiya halqaları təsvir olunmuşdu. Oyunlarda 12 min könüllü yüksək peşəkarlıq nümayiş etdirib. Yollarda yalnız akkreditasiyalı avtomobillərin istifadəsi üçün xüsusi xətt çəkilmişdi", - deyə məqalədə vurğulanır.
Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də Bakıda keçirilmiş oyunlarla bağlı fikirləri yer alıb. AOK prezidenti Oyunların yüksək səviyyədə keçdiyini və Azərbayanın Olimpiya Oyunlarına iddialı olduğunu bildirib.
Məqalədə, həmçinin qeyd olunub ki, hələlik 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi məsələsi gündəmdə olmasa da, Azərbaycan 2016-cı ildə "Formula 1" yarışlarına, 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və 2020-ci il futbol üzrə Avropa çempionatının bəzi oyunlarına ev sahibliyi edəcək.
İspaniya mətbuatı da Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer ayırıb. Bu ölkənin produccion.notitarde.com saytı mərasimdə aktyorların çıxışlarını yüksək qiymətləndirib, incəsənət adamlarının səhnə göstərilərini "çox təsirli" adlandırıb. Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib. Sayt Azərbaycanın bu tipli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü dünyada tanıtmaq istədiyini vurğulayıb: "Son məqsəd Olimpiya Oyunlarına ev sahibliyi hüququnu əldə etməkdir". Bağlanış mərasimindən gözəl görüntülərin yer aldığı məqalədə paralimpiyaçı İlham Zəkiyevin qələbəsinə də toxunulub və onun qələbəsini Milli Ordu günü prezident İlham Əliyevə hədiyyə etdiyi xüsusi qeyd olunub. Məqalədə 2019-cu il Avropa Oyunlarına ev sahibliyi etmək üçün 3 ölkəylə danışıqların aparıldığı haqqında da məlumat verilib.
Franspress agentliyi də bağlanış mərasimi ilə bağlı bu cür başlıqlı məqalə yazıb. "Azərbaycanda keçirilən Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. "Rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa Oyunları üçün ideal sonluq idi" - deyə agentliyin məqaləsində vurğulanır. İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi oyunların mükəmməl təşkil edildiyini qeyd edib. Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə istinad edilib. "Bakı Olimpiya oyunları üçün hazırdır. İnfrastuktura və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu Oyunları keçirmək üçün imkan verir. Avropa Oyunları hər addımda gözləntilərimizə cavab verdi".
Türkiyənin əksər kütləvi informasiya vasitələri Birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı reportajları "Avropa Oyunlarına möhtəşəm mərasimlə yekun vuruldu" başlığı ilə yayımlayıblar. Reportajlarda mərasim ən xırda detallarına qədər şərh olunub. Türkiyənin Anadolu Agentliyi yazır ki, mərasimə dəvət olunmuş musiqi qrupu Clean Bandit, pop ulduzu John Newman və DJ Gareth Emery tamaşaçıların böyük alqışını qazanıb: "6 min insanın çalışdığı bağlanış mərasiminin rejissorluğunu məşhur amerikalı rejissor Ceyms Hedli öz üzərinə götürmüşdü. Mərasimdə 10 min fişəng, 2 mindən çox işıqlandırma cihazından istifadə edilib". Türkiyənin sondevir.com saytı isə diqqəti bağlanış mərasiminin fəxri qonaqlarına yönəldərək Bolqarıstan prezidenti Rosen Plevneliyev, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, müxtəlif ölkələrin parlamentlərinin başçıları, nazir səviyyəsindəki səlahiyyətlilər və olimpiada komitələri başçılarının fəxri qonaqlar sırasında olduqlarını qeyd edib.
Əli