“Artım”da təşkil edilən vorkşop davam edir Mədəniyyət

“Artım”da təşkil edilən vorkşop davam edir

“Artım” layihə məkanında təşkil edilən “Mənim fotohekayəm” adlı vorkşop davam edir.

AZƏRTAC xəbər verir ki, vorkşopun məqsədi – hər bir iştirakçının özünün doğma şəhəri ilə bağlı fotoşəkillər çəkərək, onları gündəlik və ya açıqcalar silsiləsi üsulunda hazırlamaq və bununla da yaddaşı əbədiləşdirməkdir. Yaddaş – bir ev, sevimli məkanlar və ya əziz olan əşyaların fotoşəkilləri ola bilər – seçim etmək üçün heç bir məhdudiyyət yoxdur.

Silsilə vorkşopun ilk günündə iştirakçılar fotoqraf Lali Binyatova ilə görüşüb və onun "Təhlükəsiz zona" qrup sərgisinin bir hissəsi olan "Bratsk" fotolayihəsinin yaradılması ilə tanış olublar. İştirakçılar, həmçinin fotoqrafiyaya dair öz baxışları və bu sənətə olan maraqları barədə danışmaq imkanı əldə ediblər. Birinci günün sonunda iştirakçılar ev tapşırığı olaraq növbəti günlər ərzində müstəqil olaraq "ev" adlandırdıqları yerləri gəzib, xatirələri olduğu məkan və ya əşyaları fotokadr ilə əbədiləşdiriblər.

İkinci gün iştirakçılar öz təəssüratlarını bölüşüb, fotolarını təhlil edib və tyutorun rəhbərliyi altında vahid fotohekayə yaratmağı öyrəniblər. Yekun hekayə yarandıqdan sonra iştirakçıların seçilmiş fotoşəkilləri çap olunacaq.

Noyabrın 24-ü vorkşopun son günü fantaziya və yaradıcılıq uçuşuna səbəb olacaq. İştirakçılar köhnə qəzetlərdən tutmuş qəhvə ilə hopdurulmuş karton kağızlara qədər müxtəlif materiallardan istifadə edərək, yaddaşlarında həkk olunmuş öz "evlərini" açıqcalar və ya gündəlik üsulunda yaradıb, əsərlərini herbari, parıltı və hətta lazımsız fotoplyonkalar ilə bəzəyəcəklər.