Nyu-Yorkda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Dostluq körpüləri” adlı konsert keçirilib Mədəniyyət

Nyu-Yorkda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Dostluq körpüləri” adlı konsert keçirilib

Noyabrın 22-də Nyu-Yorkdakı “Karnegi Holl”da azərbaycanlı, türk və yəhudi icmalarını klassik musiqi vasitəsilə həmrəyliyə və dostluğu möhkəmlətməyə səsləyən “Dostluq körpüləri” adlı konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsertdə tanınmış musiqiçilər – skripkaçı Aleksandr Markov və pianoçu Nərgiz Əliyarova, eləcə də dirijor Fuad İbrahimovun rəhbərliyi altında Nyu-York Virtuozların Beynəlxalq Orkestri (NYIVO) iştirak edib.

Tədbir çərçivəsində türk bəstəkarı, “Qremmi” mükafatı nominantı Faruk Kancanın “Vox in Terra” əsərinin dünya premyerası, həmçinin Fikrət Əmirovun bəstəkar Elmira Nəzirova ilə həmmüəllif kimi yaratdığı “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”in ABŞ-da premyerası keçirilib. Tədbirdə səslənmiş digər əsərlər sırasında romantizm dövrünün yəhudi-alman bəstəkarı Feliks Mendelsonun, məşhur türk bəstəkarı Nevit Kodalli və yəhudi əsilli məşhur Amerika bəstəkarı, Nyu-Yorkdan olan Corc Gerşvinin məşhur skripka konsertləri yer alıb.

“Skripkaçıların Paqanini beynəlxalq müsabiqəsi”nin qızıl medalına layiq görülmüş Aleksandr Markov “Karnegi Holl”da 16 yaşında solo debüt edib. Markov Moskvada yaşayarkən atasından skripka dərsləri alıb və artıq 8 yaşında onunla birgə konsertlərdə müxtəlif orkestrlərin heyətində solist qismində çıxış edib.

Nərgiz Əliyarova - Nyu-Yorkda yaşayan dünya şöhrətli azərbaycanlı pianoçu və klassik musiqi üzrə musiqişünasdır. 9 yaşında özünün ilk konsertindən başlayaraq dünyanın 40-dan çox şəhərində solist kimi, həmçinin kamera və simfonik orkestrləri ilə çıxış edib. O, Azərbaycan Respublikasının Əməkdar artistidir və 2010-cu ildə “Şopen irsinə böyük töhfəsinə görə” Polşa hökuməti tərəfindən təltif olunub. Nərgiz xanım 25 il ərzində Bakı Musiqi Akademiyasında professor kimi dərs deyib. Bu müddətdə fəlsəfə doktoru dərəcəsi alıb, 20-dən artıq elmi məqalənin, eləcə də bir neçə kitabın müəllifidir. “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətini məhz Nərgiz xanım Əliyarova yaradıb.

Tanınmış azərbaycanlı dirijor və alt alətində ifaçı Fuad İbrahimov Köln Konservatoriyasının məzunudur. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının üçüncü kurs tələbəsi olarkən o, Azərbaycan paytaxtında işçi səfərdə olan Mstislav Rostropoviçin ustad dərslərində iştirak edib. Almaniyada, Köln Konservatoriyasında əvvəlcə alt sinfində oxuyub, sonra opera-simfonik dirijorluğu fakültəsinə daxil olub. İbrahimov London Kral Filarmonik Orkestri, Şimali Çexiya və Monte Karlo Filarmonik orkestrləri, Fransanın Myuluza Simfonik Orkestri, Nürnberq Simfonik Orkestri, Vyana Kamera Orkestri, Leypsiq radiosunun Simfonik Orkestri və Avropanın digər aparıcı kollektivləri ilə əməkdaşlıq edir.

Xatırladaq ki, noyabrın 22-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun 100 illiyi tamam olub. O, müxtəlif janrlarda çox sayda əsərlər yazıb. “Azərbaycan kapriççiosu” (1961), “Gülüstan Bayatı-Şiraz” (1968), “Nəsimi əfsanəsi” (1977), Orkestrlə skripka və fortepiano üçün konsert (1948), “Min bir gecə” baleti (1979) və s. onun ən məşhur simfonik əsərləridir. Bəstəkar öz yaradıcılığında Azərbaycan xalq havaları və ritmlərindən, muğam prinsiplərindən, improvizədən fəal istifadə edərək, onları variasiyalı və polifonik inkişafla üzvi şəkildə uyğunlaşdırıb. F.Əmirov 1956-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1975-ci ildən SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980) olub. Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.