Bişkekdəki Heydər Əliyev adına məktəbə layiqli töhfə Mədəniyyət

Bişkekdəki Heydər Əliyev adına məktəbə layiqli töhfə

Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli məktəb - gimnaziyasında yaradılmış Heydər Əliyev guşəsinə layiqli töhfə edilib. Belə ki, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov diaspor fəalı Əli Əliyevlə birlikdə Heydər Əliyev adına məktəb-gimnaziyada olublar.

Fonddan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə məktəb-gimnaziyanın direktoru Alımkulova Kanıkey Zakonbekovna qonaqları məktəbin sinif otaqları ilə tanış edib.

Sonda Nüsrət Məmmədov Bişkekdə rəhbəri olduğu fondun sifarişi ilə tərcümə edilib nəşr olunmuş kitabları məktəb-gimnaziyaya hədiyyə edib.

Verilmiş kitablar arasında Qafar Əliyevin müəllifi olduğu “Azərbaycanın xarici siyasəti və həqiqi dostları”, “Müasir Azərbaycanın qurucusu və banisi” rus və qırğız dillərində, amerikalı alim Azərtürk Tariyevin müəllifi olduğu “Türkün dili və kökəni, gil yazılar əsasında” ikicildliyini, Ulu Öndər Heydər Əliyevə, Mir Cəlal Paşayevə və Çingiz Aytmataova həsr olunmuş QR MEA-nın orqanı olan “Ədəbiyyat və incəsənət” jurnalının nömrəsini, AMEA-nın Bakıxanov adına Tarix İnstitutu alimlər qrupunun müəllifi olduğu “Ermənilərin Azərbaycan ərazisində törətdikləri vəhşiliklər tarixi faktlarla” rus və ingilis dillərində, həmin institutun alimi Güntəkin Nəcəflinin müəllifi olduğu rus dilində “Çar Rusiyasının Azərbaycan ərazisində erməni dövləti yaratmaq cəhdləri”, Azərbaycan dilində Kanıbek İmanaliyevin müəllifi olduğu “Qırğızlar” və bir sıra başqa kitablar var.

Xatırladaq ki, Kanıbek İmanaliyevin müəllifi olduğu “Qırğızlar” kitabını Qırğızıstan Prezidenti Sadır Japarov bu il oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə təşkil olunmuş qəbulda ona hədiyyə edib.

Qeyd edək ki, Heydər Əliyev guşəsində kitabları hədiyyə edərkən məktəb-gimnaziyanın direktoru Kanıkey Alımkulova ilə yanaşı, tədris işləri üzrə direktor müavini Lyubov Lısenkova, Elmi-metodik işlər üzrə direktor müavini Minara Yakupova, ibtidai siniflər müdiri Qalina Fadeyeva və Manasşünas Çolpon Kudayberqenova da iştirak ediblər. Məktəb-gimnaziyanın direktoru Kanıkey Alımkulova fondun prezidenti Nüsrət Məmmədova hədiyyəyə görə minnətdarlığını bildirib.

N.Məmmədov öz növbəsində Fond tərəfindən Bişkekdə nəşr olunan bütün kitablardan bundan sonra da məktəbə hədiyyə edəcəyinə söz verib.