Ürəyi Azərbaycanla döyünən şairə Mədəniyyət

Ürəyi Azərbaycanla döyünən şairə

“Bakı” Rəsm Qalereyasında “Çəmən ayrısı” adlı sərgi açılıb. Sərgi Azərbaycanın repressiya olunmuş qadın şairi Ümmgülsüm Sadıqzadənin xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, qalereyanın direktoru Eldəniz Babayev sərginin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Ümmgülsüm Sadıqzadə ağır faciəli həyat sürüb. Gənc yaşlarından o, azadlıq haqqında şeir yazıb və bir çox qəzet və jurnallarda nəşr olunub. Şairənin yaradıcılığının ən səmərəli dövrü 1918-1920-ci illərə - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrə təsadüf edir. Onun ürəyi Azərbaycanla döyünürdü. Şeirlərində o xalqımızın milli müstəqilliyə qovuşduğunu tərənnüm edirdi.

Vurğulanıb ki, Məmməd Əmin Rəsulzadənin ədəbi-filoloji irsinin tanınmış tədqiqatçısı, jurnalist Nəcibə Bağırzadənin sayəsində bu gün görkəmli şairə Ümmgülsüm Sadıqzadənin xatirəsi yad edilib.

Öz növbəsində Rəis Rəsulzadə tədbirə qoşulduqlarına görə iştirakçılara təşəkkürünü bildirib və qeyd edib ki, müstəqillik dövrünün şairləri Azərbaycan ədəbiyyatında xüsusi yer tuturlar.

Şair Paşa Qəlbinur vurğulayıb ki, bu tədbir Ümmgülsüm Sadıqzadənin timsalında bütün repressiya qurbanlarına həsr olunub: “O Vətən və azadlıq uğrunda fədakarlıqla döyüşən ilk qadın olub. Yaşadığı çətinliklər şeirlərində əksini tapıb”.

Daha sonra çıxış edənlər şairənin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında danışıblar.